Mixail Saakaşvili AŞ PA sessiyasında çıxış edib

Mixail Saakaşvili AŞ PA sessiyasında çıxış edib
# 24 yanvar 2008 16:55 (UTC +04:00)
Gürcüstan prezidenti Mixail Saakaşvili Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında çıxış edib. APA-nın Avropa bürosunun xəbərinə görə, M. Saakaşvili yanvarın 5-də keçirilən prezident seçkilərində qanun pozuntularına yol verildiyini etiraf edib, ancaq bunu Gürcüstan demokratiyasının hələ gənc olması ilə əsaslandırıb: “Müşahidəçilərin rəyinə görə, aşkarlanan pozuntular seçkilərin nəticələrinə həlledici təsir göstərə bilməz. Biz Gürcüstan tarixində ilk dəfə olaraq həqiqi mənada rəqabət şəraitində seçki keçirdik və irəliyə doğru çox ciddi addım atdıq. Yazda keçiriləcək parlament seçkiləri isə Gürcüstanda demokratiya quruculuğu və ədalətli cəmiyyətin yaradılması yolunda həlledici addım olacaq”. M. Saakaşvili ölkədə seçki prosesini yaxşılaşdıracağını vəd edib. O, çıxışında münaqişələrin həllinə də toxunub: “Biz bu gün Gürcüstanda etnik təmizləmə siyasətinin şahidiyik və bu, yalnız Gürcüstan üçün deyil, digər ölkələr üçün də problemə çevrilib. Bu problem əlbəttə ki, sülh və danışıqlar yolu ilə həll olunmalıdı”. M. Saakaşvili NATO-ya üzv olmaq istədiklərini, lakin bu cür məsələlərdə qonşuların da marağını nəzərə almağı vacib saydıqlarını söyləyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR