Qırğızıstanın iki sabiq prezidenti axtarışa verilib

Qırğızıstanın iki sabiq prezidenti axtarışa verilib

© APA | Kurmanbek Bakiyev, Əsgər Akayev

# 08 iyul 2021 16:35 (UTC +04:00)

Qırğızıstanın eks-prezidentləri Əsgər Akayev və Kurmanbek Bakiyev “Kumtor” qızıl yatağının işlənməsində yol verilmiş qanunsuzluqlarla bağlı başlanmış cinayət işi üzrə təqsirli bilinərək axtarışa verilib.

APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri Qamçıbəy Taşiyev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, qurumlararası istintaq qrupu tərəfindən “Kumtor” yatağının işlənməsində ayrı-ayrı vaxtlarda yol verilmiş korrupsiya faktlarına dair istintaq aparılır.

Q. Taşıyev bildirib ki, aparılan istintaqla Ə. Akayev və K. Bakiyevin iş üzrə həm korrupsiya əməllərində, həm də vəzifədən sui-istifadədə təqsirli bilindikləri müəyyən olunub və məsuliyyət cəlb olunmaları üçün onların barəsində axtarış elan edilib.

“Həmçinin istintaq tərifindən eks-prezidentlər Almazbek Atambayev və Sooronbay Jeenbekovun yatağı işlədən Kanada şirkəti ilə respublika üçün əlverişsiz müqavilələr bağlanmasında günahlarının olub-olmadığı məsələsi araşdırılır. Təqsirləri təsdiqini taparsa, onlar da məsuliyyətə cəlb olunacaqlar”, - deyə Q. Taşıyev vurğulayıb.

Qeyd edək ki, Kanadanın “Centerra Gold Inc.” şirkəti 700 tona yaxın ehtiyatı olan “Kumtor” qızıl yatağını 30 ilə yaxındır işlədir.

Qırğızıstan ekoloji normaların pozulması və mədənin işlənməsi zamanı vergilərdən yayınmaya görə şirkətə qarşı 4,2 milyard dollarlıq maliyyə iddiası irəli sürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR