“ADA” Universitetində jurnalistlər üçün növbəti seminar keçirilib

“Mediada islahatlara doğru” seminarı

© APA | “Mediada islahatlara doğru” seminarı

# 16 iyun 2021 15:29 (UTC +04:00)

Medianın İnkişafı Agentliyi və “ADA” Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə keçirilən “Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar davam edir.

APA-nın məlumatına görə, iyunun 16-da seminarlara ikinci qrup media nümayəndələri – çap, online media və internet televiziyalarının təmsilçiləri qoşulub.
“ADA” Universitetinin prorektor müavini Aygün Hacıyeva seminarın əhəmiyyətindən danışıb.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov “Media haqqında” qanun layihəsi: yeni imkanlar və istiqamətlər mövzusunda çıxış edib. Qanun layihəsində yer alan müddəalar barədə media nümayəndələrinə ətraflı məlumat verilib. Bildirilib ki, yeni sənəd media sahəsində ictimai münasibətlər sistemini tənzimləyən yeni normativ hüquqi aktın hazırlanmasını nəzərdə tutur. Vurğulanıb ki, qanun layihəsinin əsas məqsədi bütün media subyektlərinin, o cümlədən yeni yaranmış online media subyektlərinin də fəaliyyətinin və hüquqlarının müəyyən olunmasıdır. Daha sonra seminar iştirakçıları ilə qanun layihəsi ətrafında müzakirələr aparılıb.

Seminar “ADA” Universitetinin İctimai və Beynəlxlaq münasibətlər məktəbinin müəllimi Şəfəq Mehrəliyevanın “Müasir media mühitinə baxış” mövzusunda məruzəsi ilə davam edib.

Qeyd edək ki, seminarların təşkilində məqsəd müasir media mühitinə birgə nəzər salmaq, media sahəsində innovativ təcrübələri araşdırmaq və mövcud media nəzəriyyələrinə uyğun ölkədə media islahatları prosesinə təkan verməkdir. İyunun 14-dən iyulun 10-dək davam edəcək seminarlarda 75 media qurumunun rəhbər üzvünün iştirakı nəzərdə tutulub. Seminarlar zamanı iştirakçılar qarşısında həm yerli, həm də xarici, o cümlədən Al Jazeera və Haber Global-ın mütəxəssisləri təcrübələri ilə bölüşəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR