Əflatun Amaşov: “Ehtiyac yarandığı, tələbat olduğu təqdirdə jurnalistlərin vaksinasiyası gələcəkdə də keçirilə bilər” - MÜSAHİBƏ

Əflatun Amaşov: “Ehtiyac yarandığı, tələbat olduğu təqdirdə jurnalistlərin vaksinasiyası gələcəkdə də keçirilə bilər” - MÜSAHİBƏ

© APA | Mətbuat Şurasının sədri Əflatun Amaşov

# 13 sentyabr 2021 18:00 (UTC +04:00)

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov APA-ya müsahibə verib.

- Əflatun müəllim, bu gün növbəti dəfə jurnalistlərin vaksinasiyası həyata keçirildi. Ümumən jurnalistlərin “COVID-19” infeksiyası əleyhinə vaksinasiyası ilə bağlı vəziyyəti dəyərləndirməyinizi istərdik.

- Əvvəla, TƏBİB rəhbərliyinə Mətbuat Şurasının jurnalistlərin vaksinasiyası ilə bağlı müraciətinə həssas yanaşdığı üçün təşəkkürümü bildirirəm. Güman edirəm, jurnalistikanın nə qədər riskli peşə olduğunu söyləməyə gərək yoxdur. Bunu hər birimiz gözəl dərk edirik. Vaksinasiya təşəbbüsü məhz bu riskliliyin nəzərə alınmasından qaynaqlanır. Jurnalistlər hər gün müxtəlif yerlərdə olurlar, müxtəlif insanlarla təmaslar qururlar. Təbii ki, onların yoluxma riski böyükdür.

Digər tərəfdən, bilirsiniz ki, əvvəl ölkə üzrə vaksinasiya prosesi müəyyən yaş təsnifatına əsasən aparılırdı. Deyək ki, 65 yaş yuxarı, sonra 40 yaş yuxarı və s. Bizə məlum idi ki, media sahəsində çalışanların böyük qismi gəncdir. Onların peyvənd üçün yaşı düşmürdü. Amma qeyd etdiyim risk amilinin böyüklüyünü əsas götürdük. TƏBİB rəhbərliyinə vəziyyəti izah etdik. Beləcə yaşı 18-dən yuxarı olan jurnalistlərin vaksinasiyasına start verildi. Halbuki həmin vaxt ölkə üzrə peyvənd yaşı 40-dan yuxarı götürülürdü. İndi bilirsiniz ki, yaşı 18-dən yuxarı olan bütün ölkə vətəndaşları peyvəndlənə bilirlər. Bu baxımdan sual oluna bilər ki, jurnalistlərin vaksinasiyası nə üçündür? Hər halda onlar vətəndaş olaraq da müvafiq proseduru yerinə yetirib sağlamlıqlarını qoruya bilərlər. Biz hazırda onu nəzərə alırıq ki, ölkədə vaksinasiya kütləvi hal alıb. Bu durumda müxtəlif tibb müəssisələrinin qarşısında növbələr yaranır. İstəmirik ki, media mənsubları növbələrdə vaxt itirsinlər.

- İndiyədək “COVID-19” infeksiyası əleyhinə peyvənd olunmuş media təmsilçilərinin say tərkibi və statistikası ilə bağlı vəziyyət necədir?

- Bugünkü aksiya 2021-ci il aprelin 4-dən başlayaraq indiyədək ümumilikdə 10 gün ərzində davam etmiş sayca 6-cı aksiyamızdır. İndiyədək peyvənd olunmuş jurnalistlərin sayı 800-ə yaxındır. Vaksinasiyadan keçənlərin təqribən 55 faizi yaşı 40-dək olan jurnalistlərdir. Yaşı 65-dən yuxarı olan media mənsublarının faiz göstəricisi təqribən 15 faizdir. 40-65 yaş arası jurnalistlər 30 faiz təşkil edir. Bu göstərici həm də o deməkdir ki, gənclər jurnalistikada üstünlük təşkil edirlər. Yaşı 65-dən yuxarıların sayının azlığı isə onun göstəricisi ola bilər ki, bu kateqoriyadan olan jurnalistlər Şurada vaksinasiya başlamazdan öncə sağlamlıqlarının qayğısına qalıblar. Həm də məlumdur ki, ümumən bu yaş kateqoriyası üzrə peyvəndləmə daha tez başladı. Müvafiq olaraq tez bitməsi də məntiqi sayılmalıdır.

- Əflatun müəllim, qeyd etdiniz ki, artıq 6-cı dəfədir Mətbuat Şurasında jurnalistlərin vaksinasiyası keçirilir. Necə düşünürsünüz, jurnalistlər prosesə nə dəcədə məsuliyyətlə yanaşırlar?

- Biz apreldə vaksinasiyaya başlayanda bir aksiya təxminən 2-3 gün davam edirdi. Qeyd etdim ki, vaksinasiya günlərinin sayı ümumilikdə 10-dur. Sonradan hər aksiya elə onun başlandığı gün bitirdi. Bunu iki amillə əsaslandırmaq mümkündür. Əvvəla, apreldə ölkə üzrə vaksinasiya geniş vüsət almamışdı. Həm də peyvəndləmə yaş kateqoriyası üzrə keçirilirdi. Artıq belə bir məhdudiyyət yoxdur. Ona görə də jurnalistlər həm də vətəndaş olaraq yaxınlaşıb müvafiq tibb müəssisələrində vaksinasiyadan keçə bilirlər və bunu edirlər də.

Məsuliyyətə gəldikdə isə, ümumən bəli, jurnalistlər məsuliyyətlidirlər. Əlbəttə, müəyyən istisnalar da var. Məsələn, bizə zənglər gəlir ki, növbəti vaksinasiya nə zamandır. Biz işimizi həm də bu zənglərə əsasən qururuq. Görəndə ki, tələbat var, o zaman TƏBİB-lə danışıqlar aparırıq və qurum tibbi personal ayırır. Amma biz bəzən müşahidə edirik ki, həmin o dayanmadan zəng edib vaksinasiyanın nə vaxt olacağını soruşanlar aksiya günü gəlmirlər. Halbuki biz məhz onların zənglərinin çoxluğuna görə TƏBİB-lə təmaslar qururuq. Qurum da öz növbəsində dediyim kimi, həm tibbi personal ayırır, həm də müəyyən peyvənd deposu ilə gəlir. İstərdik ki, jurnalistlər bunu nəzərə alsınlar. Onu da nəzərə alsınlar ki, bu, jurnalistlərə yönəlik bir aksiyadır. Mətbuat Şurası səhiyyə müəssisəsi deyil ki, burada daimi olaraq tibbi personal qalsın. Bu, heç mümkün də deyil. Amma bəziləri məsələni məhz belə görür (gülür). Əlbəttə, başa düşürük ki, jurnalistlər rəsmiyyətdən, rəsmi yazışmalardan uzaq təbəqədirlər. Deyək ki, biz vaksinaysiya gününü öncədən elan edirik. Elanda göstəririk ki, redaksiyalar Şuranın emailinə müvafiq siyahı göndərsinlər. Baxırıq ki, siyahı göndərən çox azdır. Peyvənd vurulan gün isə gələnlər olur. Təbii, biz bu rəsmiyyətin pozulmasına görə kimsəni geri qaytaran deyilik. Kim gəlirsə, peyvənd olunub gedir. Ancaq rəsmiyyətin gözlənilməsi olduqca faydalıdır. Birincisi, bir qədər əvvəl də qeyd etdim, TƏBİB saya görə tibbi personal ayırır. İkincisi, əgər biz sayı öncədən bilsək, özümüz üçün qruplaşdırma apararıq. Kimlərin saat neçədə gəlmələrini dəqiqləşdirərik. Bu isə sıxlıq yaranmasının qarşısını alar.

- Jurnalistlərin Mətbuat Şurasında “COVID-19” infeksiyası əleyhinə vaksinasiyası bundan sonra da davam edəcəkmi?

- Gün o gün olsun ki, heç vaksinasiyaya ehtiyac qalmasın. Hamımızın arzusu, istəyi budur ki, koronavirus bəlası ölkəmizdən, ümumən dünyadan sovuşsun, bəşəriyyət özünün əvvəlki axarına qayıtsın. Ancaq nə etmək olar, hələlik günün tələbinə uyğunlaşmalı, sağlamlığımızı ciddi şəkildə qorumalıyıq. Eyni zamanda, ətrafdakılara münasibətdə də məsuliyyətli davranmağımız şərtdir. Vaksinasiya da məsuliyyətdir. Bu baxımdan istisna etmirəm ki, gələcəkdə də proses davam ola bilər. Ancaq onu da nəzərə alaq ki, ümumən ölkə üzrə vaksinasiya gedir. Prosesdə ciddi temp var. Peyvənd olunanların sayı da çoxalır. Ümüd edək ki, gələcəkdə jurnalistlərin də böyük əksəriyyəti vaksinasiyadan keçəcək. Mən məsələnin tibbi tərəfi barədə nə isə deyə bilmərəm, amma yenə də bildirim ki, ehtiyac yarandığı, tələbat olduğu təqdirdə jurnalistlərin vaksinasiyası gələcəkdə də keçirilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR