Azərbaycan əhalisinin 95%-i Olimpiya Oyunlarının Bakıda keçirilməsini dəstəkləyir - SORĞU

Azərbaycan əhalisinin 95%-i Olimpiya Oyunlarının Bakıda keçirilməsini dəstəkləyir - <font color=red>SORĞU</font>
# 23 yanvar 2012 09:53 (UTC +04:00)
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova APA-ya bildirib ki, 2011-ci ilin dekabrında keçirilən rəy sorğusunun nəticələrinə əsasən, ölkə əhalisinin 93%-i Olimpiya Oyunlarının Bakıda keçirilməsinin Azərbaycanda idmanın inkişafına güclü təkan verəcəyinə inanır.

Sorğuda iştirak edən Bakı, Gəncə və Sumqayıt şəhər sakinlərinin 50%-i Olimpiya Oyunlarının Bakıda keçiriləcəyi təqdirdə oyunları seyr etmək üçün bilet alacağını, 30%-i isə Olimpiya Oyunlarının Bakıda uğurlu təşkili üçün könüllü olaraq müxtəlif işlərə dəstək olmağa hazır olduğunu bildirib.

Aparılmış sorğuya münasibət bildirən Bakı-2020 Təşkilat Qrupunun icraçı direktoru Könül Nurullayevanın fikrincə, sorğunun nəticələri Təşkilat Qrupunun fikrini bir daha təsdiq edir: “Ölkə prezidentindən tutmuş məktəbdəki şagirdlərədək əhalimiz yekdilliklə Bakının Olimpiya oyunlarına namizədliyini dəstəkləyir. Paytaxtımızın namizədliyi üçün Milli Olimpiya Komitəmiz, müxtəlif idman federasiyaları və geniş ictimaiyyət də böyük səylər ortaya qoyurlar.”

Paytaxtın 2020 Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək istəməsinin səbəblərinə də toxunan K. Nurullayeva əlavə edib ki, məqsəd yalnız Olimpiya Oyunlarının dünyanın ən möhtəşəm tədbiri kimi Bakıda keçirilməsi deyil: “Olimpiya məşəlinin 2020-ci ildə ilk dəfə olaraq Bakıya gətirilməsi ölkəmizə özünün böyük idman potensialını həyata keçirmək, Azərbaycanda idmanın və həmçinin cəmiyyətin də inkişafına böyük təkan vermiş olar. Azərbaycanın çox gənc əhalisi var. Əhalimizin 50%-dən çoxu 30 yaşdan cavandır. Olimpiya Oyunları vasitəsilə biz hamımız milyonlarla gənc kişi və qadın idmançılarımızın uğurlarını artıra bilərik, komanda oyunlarının inkişafını gücləndirə və yeni idman növlərini Azərbaycana gətirərik. Ev sahibliyinə namizədliyimiz uğurlu olarsa, biz Olimpizm dəyərlərini bütün regiona yaymış olarıq, və beləliklə idman cəmiyyətimizin inkişafında mühüm rol oynayar”.

Qeyd edək ki, sorğu bazar araşdırmaları və qlobal bazar və biznes təhlili üzrə dünyanın aparıcı araşdırma şirkəti olan TNS Global tərəfindən 26-30 dekabr 2011-ci il tarixlərində 1000 nəfər respondent arasında Bakı (50%), Gəncə (25.7%) və Sumqayıt (24.3%) şəhərlərində keçirilib.

2012-ci ilin mayında Beynəlxalq Olimpiya Komitəsinin İcra Komitəsi 2020 Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi seçiminə qatılacaq rəsmi Namizəd Şəhərlərin adlarını elan edəcək. Rəsmi Namizəd Şəhərlər siyahısına düşmək üçün Bakının rəqibləri Tokio, Madrid, İstanbul, Roma və Doha şəhərləridir. 2020 Ev Sahibi Şəhərinin yekun seçimi isə 7 sentyabr 2013-də Beynəlxalq Olimpiya Komitəsinin Buenos Ayres şəhərində keçiriləcək 125-ci iclasında baş tutacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR