TİKA Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir

TİKA Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir
# 14 avqust 2008 12:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) rəhbəri Musa Kulaklıkayanın başçılıq etdiyi nümayəndə heyəti Bakıya səfəri çərçivəsində Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayevlə görüşüb.
İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə H.Babayev Azərbaycanın Türkiyə ilə iqtisadi əlaqələrinin artan xətlə inkişaf etdiyini vurğulayıb və bu sahədə TİKA ilə səmərəli əməkdaşlığın əhəmiyyətini qeyd edib: «Təşkilat İqtisadi İnkişaf Nazirliyi ilə də fəal əməkdaşlıq edir və bir sıra layihələrin icrasına dəstək göstərir. Azərbaycanda ilk sənaye şəhərciyinin yaradılmasına dəstək layihəsi bu qəbildəndir».
TİKA rəhbəri M.Kulaklıkaya Türkiyənin Azərbaycanla geniş əməkdaşlığından məmnunluğunu ifadə edib, təmsil etdiyi təşkilatın əlaqələrin daha da genişləndirilməsinə hər cür dəstək göstərməyə hazır olduğunu vurğulayıb. M.Kulaklıkaya özəl bölmənin təşviqi, standartlaşdırma, təhsil, bankçılıq, səhiyyə və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırıb.
Görüşdə iş adamları arasında əlaqələrin genişlənməsində biznes-forumların, ayrı-ayrı sahələr üzrə sərgilərin keçirilməsinin əhəmiyyətli olacağı qeyd edilib.
Müzakirələrdə Azərbaycan-Türkiyə İş Konseyinin toplantısının keçirilməsi məsələsinə də toxunulub. Belə ki, növbəti toplantının bu ilin noyabrı ayında keçiriləcəyi planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR