Azərbaycanın iqtisadi inkişaf naziri «Honeywell» şirkətinin prezidentini qəbul edib

Azərbaycanın iqtisadi inkişaf naziri «Honeywell» şirkətinin prezidentini qəbul edib
# 09 oktyabr 2008 15:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev Bakıda səfərdə olan ABŞ-ın «Honeywell» şirkətinin prezidenti Deyv Kotun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə H.Babayev ölkə iqtisadiyyatı və qazanılmış uğurlar barədə məlumat verib və qeyd edib ki, bu gün Azərbaycanda neft sektoru ilə yanaşı, qeyri-neft sektoru da uğurla inkişaf etdirilir: «Ötən ildə qeyri-neft sektoru üzrə artım 11% təşkil edib. Neftdən əldə olunan gəlirlər ölkə vətəndaşlarının rifahının yüksəldilməsinə, qeyri-neft sektorunun və insan resurslarının inkişafına yönəldilir. Həyata keçirilməkdə olan Dövlət Proqramına uyğun olaraq, 2015-ci ilədək 5 min azərbaycanlı gəncin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alması nəzərdə tutulub».
Öz növbəsində D.Kot rəhbərlik etdiyi «Honeywell» şirkəti ilə bağlı məlumat verib və qeyd edib ki, 95 ölkədə 83 filialı və 13 birgə müəssisəsi olan «Honeywell» şirkəti əsasən avtomatlaşdırma və idarəetmə, kimyəvi və elektron sənaye materialları, energetika və nəqliyyat sistemləri sahəsində fəaliyyət göstərir. Amerikalı qonaqlar neft gəlirlərindən istifadə, biznes mühiti və əməkdaşlıq üçün perspektivli sahələrlə də maraqlanıb.
H.Babayev həmçinin kənd təsərrüfatı, turizm və infrastruktur sahələrinin investisiya qoyuluşu üçün əlverişli sahələr olduğunu qonaqların diqqətinə çatdırıb, «Honeywell» şirkətini Azərbaycanda yaradılmış əlverişli biznes mühitindən yararlanmağa və əlaqələri genişləndirməyə dəvət edib.
Qeyd edək ki, nümayəndə heyətinə «Honeywell» şirkətinin vitse-prezidentləri Tom Bakmaster, Norm Qilsdorf və şirkətin regional direktoru Vasili Rıbkin daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR