Gələn həftə Almaniyanın biznes missiyası Azərbaycana gələcək

Gələn həftə Almaniyanın biznes missiyası Azərbaycana gələcək
# 14 oktyabr 2008 12:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Cari ilin oktyabrın 20-də Almaniyanın Şimali Reyn-Vestfaliya Torpağının biznes missiyası Azərbaycana gələcək. Bu barədə «APA-Economics»ə Almaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Oktyabrın 24-dək davam edəcək səfərin əsas məqsədi Azərbaycanla Şimali Reyn-Vestfaliya arasında iqtisadi əlaqələrin genişləndirilməsidir.
Almaniya nümayəndə heyəti Dortmund Ticarət-Sənaye Palatasının nümayəndələri və yeddi müəssisəsinin (tikinti sektoru, tikinti maşınları, elektrik və istilik enerjisi, ərzaq məhsulları) rəsmilərindən ibarətdir. Bu müəssisələrin avandaqları hazırda Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin icrasında istifadə olunur. Bu məhsulların bir qismi «Iteca Caspian» şirkəti tərəfindən oktyabrın 22-24-də Bakıda təşkil olunacaq «BakuBuild-2008» beynəlxalq sərgisində nümayiş etdiriləcək.
Qeyd edək ki, Şimali Reyn-Vestfaliya Almaniyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş hissəsidir. Buranın ümumi daxili məhsulunun həcmi 529,42 mlrd. avro təşkil edir. Şimali Reyn-Vestfaliya Azərbaycanda «RWE AG», «E.ON AG», «Vogelsang GmbH.», «Wilo AG», «Facet GmbH.», «Bentec GmbH.», «Wirtgen GmbH.» kimi müəssisələrlə təmsil olunub.
Qeyd edək ki, biznes missiyanın səfəri Dortmund Ticarət-Sənaye Palatası və Almaniya-Azərbaycan İqtisadi Yardım Forumu (DAWF) tərəfindən təşkil edilir. Səfər zamanı qonaqlar Azərbaycan İqtisadi İnkişaf və Sənaye və Energetika nazirliklərində, həmçinin yerli iş adamları ilə görüşlər keçirəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR