Xaliq Məmmədov: «Azərbaycanda sahibkarlar turizm və xalq sənətinin inkişaf etdirilməsi sahələrinə az maraq göstərir»

Xaliq Məmmədov: «Azərbaycanda sahibkarlar turizm və xalq sənətinin inkişaf etdirilməsi sahələrinə az maraq göstərir»
# 28 oktyabr 2008 14:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar əsasən aqrar sahəyə maraq göstərir. «APA-Economics»in məlumatına görə, bunu İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru Xaliq Məmmədov bildirib.
X.Məmmədovun sözlərinə görə, sahibkarların aqrar sahəyə marağı yüksək olsa da, təhlillər əsasında yerlərdə istehsal sahəsi ilə emal sənayesi mütənasib şəkildə inkişaf etdirilməlidir: «Bu il ərzində SKMF tərəfindən 14 iri layihə maliyyələşdirilib ki, nəticədə 1 208 yeni iş yeri yaranacaq».
X.Məmmədov onu da qeyd edib ki, bu il dövlət büdcəsindən Fonda ayrılan 80 mln. manat tamamilə yerləşdirilib: «Gələn ilin yanvar-mart aylarında dövlət büdcəsindən sahibkarlara kreditlərin ayrılması üçün yeni vəsait ayrılacaq».
SKMF-nin rəhbəri vurğulayıb ki, sahibkarlar tərəfindən turizm və xalq sənətinin inkişaf etdirilməsi sahələrinə az maraq göstərilir.
Qeyd edək ki, SKMF-a dövlət büdcəsindən ayrılan vəsaitin illik həcmi 2009-cu ildə iki dəfə artırıla bilər. Fonda daxil olan ərizələr və müraciətlər təhlil olunub və nəticədə SKMF üçün maliyyələşdirmənin artırılması zərurəti müəyyənləşib. Hazırda müraciətlər və verilən kreditlər arasında fərq böyükdür. Artıq maliyyələşdirmənin artırılması ilə bağlı təkliflər hazırlanıb və aidiyyəti orqanlara təqdim olunub.
Xatırladaq ki, SKMF vəsaiti bank-agentlərə illik 1%, banklar isə sahibkarlara 7%-dən çox olmamaq şərti ilə ayırır. Bu il üçün dövlət büdcəsindən sahibkarların investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsi üçün SKMF-yə 80 mln. manat (o cümlədən, 6 mln. manat Naxçıvan Muxtar Respublikasına) ayrılıb. Sahibkarlara güzəştli kreditlərin verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 29 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı vasitəsilə həyata keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR