Pekində Çin-Azərbaycan biznes-forumu keçiriləcək

Pekində Çin-Azərbaycan biznes-forumu keçiriləcək
# 02 dekabr 2008 11:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin dekabrın 3-5-də Pekində (Çin) Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Çin Texniki və İqtisadi Əməkdaşlıq üzrə Çin-Avropa Assosiasiyasının təşkilatçılığı ilə Çin-Azərbaycan biznes-forumu keçiriləcək.
ASK-dan «APA-Economics»ə verilən məlumata görə, forumun keçirilməsində məqsəd iki ölkənin iş adamları arasında əlaqələrin qurulması, əməkdaşlıq imkanlarının araşdırılması, Azərbaycana xarici investisiyaların cəlb edilməsinə yardım göstərməkdir. Forumda tikinti materialları, mebel, ticarət, istehsalat və digər sahələrdə fəaliyyət göstərən 10-a yaxın Azərbaycan şirkətinin nümayəndələri iştirak edəcəklər. Forum çərçivəsində Çin şirkətlərinə işgüzar səfərlər də təşkil olunacaq.
Forum zamanı ASK ilə Çin Texniki və İqtisadi Əməkdaşlıq üzrə Çin-Avropa Assosiasiyası arasında əməkdaşlıq sazişi imzalanacaq. Saziş Azərbaycan və Çin iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən iş adamlarının qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılmasına və inkişaf etdirilməsinə yardım göstərilməsi, sahibkarlığın inkişaf etdirilməsi məqsədilə hər iki tərəfdən təmsil olunan iş adamları arasında mütəmadi görüşlərin, təcrübə mübadiləsinin, maarifləndirici tədbirlərin təşkil olunması və keçirilməsi, hər iki tərəfin sahibkarlarının məhsullarının və xidmətlərinin təqdimat və sərgilərinin təşkil olunması, sərgi və yarmarkalarında birgə iştirak etməsi, bu sərgi və yarmarkalarda hər iki tərəfin sahibkarlarının daha geniş təmsil olunmalarına birgə səylərin göstərilməsi, birgə müəssisələrin yaradılması və digər sahələri əhatə edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR