Bakıda Azərbaycan-Türkiyə biznes-forumu keçirilir

Bakıda Azərbaycan-Türkiyə biznes-forumu keçirilir
# 04 dekabr 2008 10:45 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, biznes-forum Türkiyənin dövlət naziri Gürşad Tüzmənin Azərbaycana səfəri çərçivəsində təşkil olunub.
Tədbirdə çıxış edən Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev qeyd edib ki, forum iki ölkə arasında olan əməkdaşlığa yeni töhfə verəcək. Azərbaycanla Türkiyə arasında olan əməkdaşlığından danışan nazir Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum kimi həyata keçirilən iri layihələrdən, habelə hazırda icrasına başlanılan Bakı-Tiflis-Qars dəmir yolu layihəsindən məlumat verib.
Bundan başqa Ş.Mustafayev toplantı iştirakçılarına Azərbaycanın iqtisadi inkişafından danışıb və qeyd edib ki, son 5 il ərzində Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) həcmi 2,7 dəfə, sənaye istehsalı 2,8 dəfə, dövlət büdcəsinin gəlirləri isə 10 dəfə artıb, ölkə iqtisadiyyatına yönəldilən investisiyaların həcmi 44 mlrd. ABŞ dollarına, Azərbaycanın valyuta ehtiyatları isə 2,3 dəfə artaraq 18 mlrd. dollara çatıb: «Cari ilin yanvar-sentyabr ayları ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə ÜDM-nin həcmi 15%, ÜDM-nin adambaşına düşən həcmi isə 13,7% artaraq 4,4 min dollara çatıb».
Nazir həmçinin qeyd edib ki, 2008-ci ilin ilk 9 ayı ərzində Azərbaycanın neft sektorunda 14,5%, qeyri-neft sektorunda isə 15,4% artım müşahidə olunub. Əsas kapitala yönəldilən investisiyaların həcmi isə 38,5% artaraq 9 mlrd. dollara çatıb.
«Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 1,1 mlrd. dollar təşkil edib ki, bunun 552 mln. dollarını Azərbaycandan ixrac, 590 mln. dollarını isə Türkiyədən ixrac təşkil edib», - deyə Ş.Mustafayev bildirib.
Nazir əlavə edib ki, hazırda Azərbaycanda Türkiyənin 400-dən artıq şirkəti fəaliyyət göstərir.
Biznes-forumda iştirak edən G.Tüzmən qeyd edib ki, iki ölkə arasında qarşılıqlı ticarətin həcmi artırılmalıdır və artıq bu istiqamətdə bir sıra işlər görülür: «Ötən il ərzində Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 1,3 mlrd. dollar təşkil edib ki, yaxın gələcəkdə bu göstəricinin 1,5-2 mlrd. dollara çatacağı gözlənilir. Ümumiyyətlə, iki ölkə arasında ticarət və iqtisadiyyatın inkişafı üçün yeni imkanlar mövcuddur».
G.Tüzmən onu da qeyd edib ki, Türkiyə Azərbaycana ən çox investisiya yatıran üç ölkə sırasındadır.
Biznes-forumda Azərbaycan və Türkiyə iş adamları arasında ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, tədbirdə Türkiyənin 90, Azərbaycanın isə 200-ə yaxın enerji, nəqliyyat, maliyyə, səhiyyə, sənaye, tikinti, kommunikasiya, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən şirkət və təşkilatının nümayəndələri iştirak edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR