Azərbaycanda son bir ayda 1000-dək vergi ödəyicisində qanun pozuntusu aşkarlanıb

Azərbaycanda son bir ayda 1000-dək vergi ödəyicisində qanun pozuntusu aşkarlanıb
# 22 dekabr 2008 11:33 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Vergilər Nazirliyinin noyabrın 17-dən dekabrın 14-dək keçirdiyi operativ nəzarət tədbirləri zamanı 956 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilərək müvafiq tədbirlər görülüb. Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Nəzarət tədbirləri zamanı 482 vergi ödəyicisində nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 70 vergi ödəyicisində valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi faktları aşkarlanıb. Keçirilən tədbirlər zamanı vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən 125 vergi ödəyicisi aşkar edilib, 150 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə lisenziya olmadan məşğul olması faktları müəyyənləşdirilib.
Vergi orqanlarının həyata keçirdiyi operativ nəzarət tədbirləri zamanı 69 vergi ödəyicisində 74 fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi, 23 vergi ödəyicisinin fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması, 33 şəxs tərəfindən valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılması faktları aşkar olunub.
Aksiz markalarının tətbiqi vəziyyətinə nəzarət məqsədilə keçirilən tədbirlər zamanı isə 4 vergi ödəyicisində 128,5 manat dəyərində 120 ədəd aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar aşkar edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR