Azərbaycanda tezliklə Korporativ İdarəetmə Məcəlləsi qəbul olunacaq

Azərbaycanda tezliklə Korporativ İdarəetmə Məcəlləsi qəbul olunacaq
# 09 yanvar 2009 11:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayının 14-16-da Bakıda Dünya Bankının üzvü olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) təşkilatçılığı ilə Azərbaycanda Korporativ İdarəetmə Məcəlləsinin qəbul edilməsinə dair beynəlxalq konfrans keçiriləcək.
IFC-nin Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ilə IFC tərəfindən hazırlanan Məcəllənin tələblərinin icrası könüllü şəkildə həyata keçiriləcək. Lakin bu, sonda xarici investisiyaların cəlb olunması prosesində müsbət rol oynayacaq. Çünki gələcəkdə potensial xarici investorlar yerli şirkətləri məhz korporativ idarəetmə prinsiplərinə riayət olunması səviyyəsi əsasında qiymətləndirəcək: «İstənilən şirkət Məcəlləyə əməl edə biləcək. Məcəllədən imtina edən şirkətlər isə bunu əsaslandırmalı olacaqlar».
Bakıda keçiriləcək tədbirdə bir sıra beynəlxalq təşkilat və Azərbaycanın dövlət qurumlarının nümayəndələri iştirak edəcəklər.
Qeyd edək ki, hazırda IFC Azərbaycanda Korporativ İdarəetmə Layihəsini (AKİL) həyata keçir və artıq layihənin II fazasına start verilib. Layihəyə həmçinin İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) dəstək verir. Layihədə tərəf müqabilləri rolunda isə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və AİŞ çıxış edir.
AKİL yerli şirkət və bankların korporativ idarəetmə təcrübəsini daha da təkmilləşdirəcək və portfel riskini azaldacaq. Bu, investisiya vasitəsi ilə ölkənin biznes və maliyyə sektorlarının inkişafına və ümumiyyətlə Azərbaycanın iqtisadi vəziyyətinin yaxşılaşmasına təkan verəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR