Bu il Azərbaycanda ilk dəfə Uşaq Aləmi sərgisi keçiriləcək

Bu il Azərbaycanda ilk dəfə Uşaq Aləmi sərgisi keçiriləcək
# 13 yanvar 2009 10:14 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən «Iteca Caspian» şirkətinin direktoru Fərid Məmmədov qeyd edib ki, 2008-ci ilin sərgi mövsümü uğurlu keçib: «Ötən il Azərbaycanda müxtəlif sahələr üzrə 23 sərgi və 2 konfrans keçirilib ki, həmin tədbirlərə ümumilikdə 72 196 ziyarətçi gəlib. Sözügedən sərgilərə 54 ölkədən 1 851 şirkət qatılıb ki, bu da 2007-ci illə müqayisədə 22% çoxdur».
F.Məmmədov həmçinin bildirib ki, ötən il Azərbaycanın bir sıra tanınmış şirkəti Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan və digər ölkələrdə keçirilən sərgilərdə fəal iştirak edib, istehsal etdiyi məhsul və xidmətlərini nümayiş edib: «Ümid edirəm ki, bu il ərzində də xaricdə keçiriləcək sərgilərə Azərbaycan şirkətləri də qatılacaq».
F.Məmmədovun sözlərinə görə, artıq ötən il təşkil olunan sərgilərin auditi keçirilib və neft-qaz, telekommunikasiya, inşaat kimi sərgilər olduqca yüksək qiymətləndirilib.
Tədbir çərçivəsində 2009-cu ilin planlarından danışan F.Məmmədov bildirib ki, cari il ərzində 21 sərgi və konfrans keçiriləcək. Bunlardan 4-ü - «WorldFood Azerbaiyan» (qida sənayesi sərgisi), BIHE (səhiyyə sərgisi), «BakuBuild» (inşaat sərgisi) və «BakuTel» (telekommunikasiya sərgisi) - 15 illik yubileyini qeyd edəcək: «Yubiley tədbirlər üçün xüsusi proqram nəzərdə tutulub ki, layihələr daha da geniş təqdim olunacaq».
«Bundan başqa, «Iteca Caspian» şirkətinin apardığı marketinq tədqiqatları onu göstərir ki, Azərbaycanda daha bir yeni sərginin keçirilməsinin vaxtı çatıb. Bu da, «Baby Show» - Uşaq Aləmi sərgisidir ki, tədbir bu il ərzində həyata keçiriləcək», - deyə F.Məmmədov bildirib.
Şirkətin başçısı həmçinin vurğulayıb ki, bu il üçün nəzərdə tutulmuş sərgilərə iştirakçı qismində Türkiyə, Rusiya, Ukrayna, Belarus, ABŞ, BƏƏ, İtaliya, Almaniya və digər ölkələrin şirkət və təşkilatları cəlb olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR