Azərbaycanda istehsal olunan məhsullar Berlində keçirilən beynəlxalq sərgidə nümayiş olunur

Azərbaycanda istehsal olunan məhsullar Berlində keçirilən beynəlxalq sərgidə nümayiş olunur
# 22 yanvar 2009 11:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Berlində (Almaniya) ənənəvi «Beynəlxalq Yaşıl Həftə» sərgisi işə başlayıb.
Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, 60-a yaxın ölkənin qatıldığı sərgidə Azərbaycanı İqtisadi İnkişaf, Kənd Təsərrüfatı nazirlikləri, Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) rəsmiləri və 10-a yaxın sahibkardan ibarət nümayəndə heyəti təmsil edir.
Sərgi iştirakçılarına azərbaycanlı sahibkarların istehsal etdiyi müxtəlif kənd təsərrüfatı və sənaye malları təqdim olunub.
İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan stendində sərgi iştirakçılarına müxtəlif şirniyyat məhsulları, xalq sənətkarlığı nümunələri, rəsm əsərləri, xalçalar, saxsı qablar və digər məhsullar nümayiş olunur. Bundan başqa, sərgi çərçivəsində keçirilmiş mədəni tədbirlərdə muğam və xalq rəqsləri ifa olunub, iştirakçılara Azərbaycanın mədəniyyətinə, tarixinə, iqtisadiyyatına və biznes mühitinə dair məlumatlar, disklər, broşur və kitablar paylanıb.
Sərgi çərçivəsində Azərbaycan-Almaniya aqrar forumu da təşkil olunub. Tədbirdə kənd təsərrüfatı sahəsində Azərbaycanın Almaniya ilə yaxından əməkdaşlıq etdiyi qeyd olunub, əlaqələrin daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Bundan başqa, sərgi iştirakçıları Azərbaycanın investisiya imkanları, biznes mühiti, habelə AİŞ-in fəaliyyəti, kənd təsərrüfatı sahəsində həyata keçirilən layihələr barədə də məlumatlandırılıb. Sərgi çərçivəsində həmçinin, azərbaycanlı və alman iş adamları arasında ikitərəfli görüşlər keçirilib.
Qeyd edək ki, «Beynəlxalq Yaşıl Həftə» sərgisi yanvarın 25-dək davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR