Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsi 36% azalıb

Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsi 36% azalıb
# 02 aprel 2009 13:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev, Elmin İbrahimov – APA-Economics. Bu ilin yanvar-fevral ayları ərzində Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsi 2008-ci ilin müvafiq dövrünə nisbətən 36,3% azalaraq 77,4 mln. ABŞ doları təşkil edib.
«APA-Economics»in BNE portalına (www.businessneweurope.eu) istinadən verdiyi məlumata görə, Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin ölkənin ümumi ticarət dövriyyəsindəki xüsusi çəkisi 11%-dən 0,3%-ə düşüb.
Belə ki, hesabat dövründə Gürcüstandan Azərbaycana ixrac olunan malların həcmi 21 mln. dollar, idxalın həcmi isə 42 mln. dollar azalıb. Buna baxmayaraq, Azərbaycan Gürcüstanla xarici ticarət dövriyyəsinin həcminə görə Türkiyədən sonra ikinci yeri tutur.
Göstərilən dövr ərzində Gürcüstandan Azərbaycana sement ixracı dəyər ifadəsində 5,533 mln. dollardan 3,77 mln. dollara düşsə də, qara metal, filiz ərintisi qalığı və digər emal qalığı olan məhsulların ixracı 272 min dollardan 1,405 mln. dollaradək artıb.
Bundan başqa, Gürcüstan Azərbaycana 1,263 mln. dollarlıq mal-qara və 1,055 mln. dollarlıq polad ixrac edib. Müqayisə üçün qeyd edək ki, həmin məhsulların ötən ilin bu dövründə Azərbaycana ixracı həyata keçirilməyib.
Hesabat dövründə Azərbaycandan Gürcüstana əsasən 24,663 mln. dollar dəyərində qaz və qaz kondensatı ixrac olunub Ki, bu da ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 55,3% azdır. Bu ölkəyə neft və neft məhsullarının ixracı 38 767 tondan 56 728 tona çatsa da, dəyər ifadəsində ümumi həcmi ötən ilki 31,648 mln. dolardan 23,246 mln. dollara düşüb.
Bundan başqa, Azərbaycandan 1,857 mln. dollar dəyərində neft koksu, bitumu və digər emal qalığı ixrac olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 18,7% azdır.
Hesabat dövründə Azərbaycandan Gürcüstana un ixracı 137 min dollardan 1,516 mln. dollaradək artıb. Etilen polimerlərinin ixrac həcmi isə 965 min dollardan 605 min dollaradək azalıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR