Bakıda Ümumdünya Ticarət Təşkilatına üzvlüyün Azərbaycan iqtisadiyyatına təsiri ilə bağlı hesabatın təqdimatı keçirilib

Bakıda Ümumdünya Ticarət Təşkilatına üzvlüyün Azərbaycan iqtisadiyyatına təsiri ilə bağlı hesabatın təqdimatı keçirilib
# 16 aprel 2009 12:16 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) «Azərbaycanda ticarət və investisiya islahatlarına dəstək Proqramı» çərçivəsində «Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyün Azərbaycan iqtisadiyyatına təsirlərinin qiymətləndirilməsi» hesabatının təqdimatını keçirib.
«APA-Economics»in məlumatına görə, USAİD-in baş iqtisadçısı Pol Devis bildirib ki, ötən il aparılmış tədqiqatın məqsədi ÜTT-yə üzvlüyün Azərbaycan iqtisadiyyatına təsirini müəyyənləşdirmək olub. Araşdırmalar zamanı məlum olub ki, Azərbaycan ÜTT-yə daxil olandan sonra kiçik mənfi təsirlər istisna olmaqla, ümumilikdə ölkə iqtisadiyyatının qeyri-neft sektorunda artım baş verəcək. Tariflərin azaldılması bir sıra istehlak malları üzrə qiymətləri aşağı salacaq, idxal və ixracda, xüsusilə də kənd təsərrüfatı məhsullarının ixracında artım baş verəcək.
Layihənin eksperti Səlcuq Kanər isə araşdırmalar zamanı əldə olunan nəticələri açıqlayıb. Ekspert bildirib ki, ÜTT-yə qəbuldan sonra qeyri-neft sektorunda istehsal 2,44% artacaq. Orta tarif dərəcələri hazırkı 13,88%-dən 11,25%-ə düşəcək. Bəzi sənaye sahələri üçün bu tarif dərəcələri 2/3 səviyyəsində azalacaq. Tariflərin azaldılması öz növbəsində idxala tələbatı təxminən 7,7% artıracaq. Üzvlükdən sonra ixrac üzrə orta tarif dərəcəsi isə 12,58%-dən 9,28%-ə endiriləcək.
Ekspert idxal tariflərinin aşağı salınmasının yerli istehsala təsir göstərəcəyini, lakin yerli istehsalda azalmanın 0,4% təşkil edəcəyini vurğulayıb. İdxalatda qeyri-ticarət maneələrinin azaldılması isə istehsalda 0,08%-lik azalma ilə nəticələnəcək.
«İdxal rəqabətinin artması nəticəsində yerli istehsal ixracata başlayacaq. Bundan əlavə, ÜTT dövlətləri tərəfindən Azərbaycanın ixracatına tələb artacaq. İxracatda ümumi artım ÜDM-i 1,03% artıracaq», - deyə S.Kanər bildirib.
Ekspertin sözlərinə görə, ticarətə təsirlərdən əlavə, ÜTT-yə üzvlük Azərbaycanda xarici birbaşa investisiyaları artıracaq. Bank sektorunda isə kreditləşmə səviyyəsinin 4 faiz bəndi azalması baş verəcək. S.Kanər bu çərçivədə vergi sektorunda da tarif azaldılmalarının nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, tarif gəlirlərində itkilər təxminən 38,5% səviyyəsində qiymətləndirilir. Bununla belə, tarif gəlirlərində itkilər digər vergilərdəki artımlarla kompensasiya olunacaq. Xalis gəlir itkisi isə ümumi vergi gəlirlərinin 0,8%-i dərəcəsində olacaq.
S.Kaner hesab edir ki, ÜTT-yə üzvlük Azərbaycanın faraş meyvə-tərəvəz, heyvan yemləri ixracına müsbət təsir göstərəcək, kənd təsərrüfatı sektorunda xərclər isə azalacaq.
Azərbaycanın ÜTT-yə üzv olduğu ilk illərdə qarşıya çıxacaq problemlərə gəlincə, ekspert bunun üçün danışıqlar zamanı keçid dövrünün müəyyənləşdiriləcəyini qeyd edib. Bu dövr ərzində mənfi təsirə daha çox məruz qalacaq «həssas sektorlar» müəyyənləşdiriləcək. Bu problemlərin aradan qaldırılması istiqamətində hökumətə müvafiq tədbirləri həyata keçirmək hüququ verilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR