Azərbaycan neftinin İran ərazisi ilə ixracı müvəqqəti xarakter daşıyır

Azərbaycan neftinin İran ərazisi ilə ixracı müvəqqəti xarakter daşıyır
# 28 avqust 2008 16:01 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev, Elmin İbrahimov - APA-Economics. Gürcüstanda baş verən hadisələr və Bakı-Ceyhan boru kəmərinin işinin müvəqqəti dayanması ilə əlaqədar neft ixracında yaranan geriləmənin kompensasiya edilməsi məqsədi Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) İran ərazisi ilə neftin dünya bazarına çıxarılmasına başlayıb. «APA-Economics»in məlumatına görə, svop müqavilələr üzrə aparılan ixrac əməliyyatları çərçivəsində həftənin əvvəlində ilk neft partiyası İran Milli Neft Şirkəti tərəfindən qəbul edilib.
Razılaşmaya əsasən, iki ay ərzində ARDNŞ «Azəri-Çıraq-Günəşli» yataqlar blokunun işlənməsi layihəsindən öz payına düşən 300 min tona qədər nefti Səngəçal terminalından Xəzər dənizi ilə İranın Neka limanına çatdıracaq. İran isə öz növbəsində həmin həcmdə nefti Fars Körfəzindən ixracını həyata keçirəcək.
Azərbaycan hökumətindəki mənbələrdən «APA-Economics»ə bildirilib ki, Bakı-Ceyhan kəmərinin fəaliyyətinin bərpa edilməsinə baxmayaraq ARDNŞ İran ərazisi ilə neft ixracını davam etdirməklə ixracda yaranan kəsiri kompensasiya etmək fikrindədir: «Bu ixrac əməliyyatları müvəqqəti xarakter daşıyır. Əsas mövcud marşrutlarla ixrac əvvəlki həcmlərdə bərpa olunanadək İran ərazisi ilə neftin nəqli davam etdiriləcək».
Xatırladaq ki, Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda hasil olunan neftin Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə nəqli artıq tam bərpa olunub. Lakin Azərbaycandan Gürcüstanın Qara Dəniz limanlarına neftin ixracının partladılan dəmir yolu körpüsünün təmiri səbəbindən bir aydan sonra bərpa olunacağı gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR