Azərbaycan Dövlət Neft Şirkətinin asfalt zavodu istehsal gücünü 22% artıracaq

Azərbaycan Dövlət Neft Şirkətinin asfalt zavodu istehsal gücünü 22% artıracaq
# 29 avqust 2008 08:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) «Neftqaztikinti» tresti tərəfindən inşa edilən asfalt zavodu saatlıq istehsal gücünü 21,7% artıracaq.
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, istehsal gücü saatda 50 ton olan, keyfiyyət, ekologiya və əməyin təhlükəsizliyi üzrə ən yüksək beynəlxalq standartlara cavab verən asfalt zavodunda hazırda yol tikintisinin artdığı bir dövrdə saatda 46 ton asfalt istehsal olunur. Lakin bu rəqəm saatda 56 tona çatdırıla bilər.
Bu zavod «Neftqaztikinti» trestin tərkibində yaradılmış yolların inşası və təmiri üzrə xüsusi idarənin nəzdində fəaliyyət göstərir. İdarə asfalt çəkilişi üzrə ən müasir texnika və mexanizmlərlə təchiz olunub. Bu ilin mayın 16-dan başlayaraq zavod məhsul verməyə başlayıb. Asfalt ilk növbədə «Azneft» İB-nin mədən ərazilərinin və yaşayış məhəllələrinin abadlaşdırılması, eləcə də nisbətən uzaq quyulara yolların çəkilməsi üçün istifadə olunur. Zavodda istehsal olunan asfalt şəhər təsərrüfatının yenidən qurulması işlərində də istifadə olunur. Belə ki, Bakının Keşlə qəsəbəsindəki kanalizasiya xəttinin sıradan çıxması nəticəsində yaranan vəziyyətdən sonra buradakı yollarda, məktəblərin və yaşayış binalarının ətrafındakı asfalt örtüyü bərpa edilir. Yaxın vaxtlarda isə Bibiheybət mədən ərazisinin abadlaşdırılması üzrə işlərə başlanacaq.
Qeyd edək ki, ötən 4 ay ərzində zavodda 3,2 mln. manat dəyərində asfalt istehsal edilib. Bunun nəticəsində «Azərneftyağ» və Heydər Əliyev adına neft emalı zavodlarının, Xəzər Dəniz Neft Donanmasının əraziləri abadlaşdırılıb, Səngəçal-Umbakı yolu bərpa edilib, eləcə də intensiv olaraq N.Nərimanov adına, «Qum adası», «Abşeronneft» NQÇİ-lərdə estakadalar, həmçinin qurudakı qazma və neft-qazçıxarma idarələrinə gedən yollar təmir edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR