Azərbaycan son 5 ildə dizel yanacağının istehsalını 37% artırıb

Azərbaycan son 5 ildə dizel yanacağının istehsalını 37% artırıb
# 04 sentyabr 2008 08:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda dizel yanacağının istehsal dinamikası 2003-cü ilə nisbətən 37% artıb ki, bunun da 18,3%-i təmizləmə metodunun modernləşdirilməsi ilə bağlı olub.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, respublikanın neft emalı kompleksində istehsal olunan mühərrik yanacaqlarının 54%-ni dizel yanacağı təşkil edir. Dizel yanacağının resurslarını artırmaq və keyfiyyətini yaxşılaşdırmaq məqsədilə ARDNŞ tərəfindən ardıcıl tədbirlər görülür. Belə tədbirlərdən biri də, 2004-cü ilin ortalarında hidrogenlə təmizləmə qurğusunda dizel yanacaqlarının təmizlənməsi üçün aparılmış modernləşdirmə işləri olub. Həmin tədbirin istehsalatda tətbiqindən sonra dizel yanacağının keyfiyyəti yaxşılaşıb, resursları artıb. Nəticədə, neft emalı zavodlarında ekoloji problemlər əmələ gətirən ənənəvi təmizləmə metodu ilə istehsal olunmuş dizel yanacağının həcmi 2 dəfədən çox azalıb, müasir metodla istehsal olunmuş yanacağın həcmi isə 3 dəfəyə yaxın artıb.
Bu il istehsalı planlaşdırılan bütün dizel yanacaqlarının təqribən 70%-nin tərkibində kükürdün miqdarı 0,005% və yaxud 50 ppm təşkil edəcək. Bu isə o deməkdir ki, Azərbaycan zavodlarında istehsal edilən dizel yanacağı faktiki olaraq, artıq Euro-2 və Euro-3 standartlarına uyğundur. Gələn ildən isə müəssisələrdə istehsal olunacaq bütün dizel yanacaqlarında kükürdün kütlə faizinin 0,005-ə çatdırılması planlaşdırılır.
Qeyd edək ki, ötən 5 ildə ölkənin zavodlarında istehsal olunmuş dizel yanacaqlarının 56-67%-i yaxın və uzaq xaricə ixrac olunub. Təkcə 2007-ci ildə dizel yanacağı Fransa, İtaliya, Rumıniya, Yunanıstan, Kipr, Albaniya, Bolqarıstan, Malta, Türkiyə, Ukrayna, İran, İraq, Qazaxıstan, Gürcüstan və digər ölkələrə ixrac olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR