Yaxın aylarda N.Nərimanov adına NQÇİ-də dördüncü kompressor stansiyasının modernləşdirilməsi başa çatdırılacaq

Yaxın aylarda N.Nərimanov adına NQÇİ-də dördüncü kompressor stansiyasının modernləşdirilməsi başa çatdırılacaq
# 08 sentyabr 2008 14:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) neft-qaz hasilatı və təhvili üzrə aparıcı idarələrindən olan N.Nərimanov adına NQÇİ dövlətə 304 min ton neft təhvil verib ki, bu da müvafiq proqnoz tapşırıqdan 16,2 min ton çoxdur.
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə dövlətə həmçinin 414,7 mln. kubmetr təbii qaz təhvil verilib ki, bunun da 9,2 mln. kubmetri proqnozlaşdırıldığından artıqdır. Hazırda NQÇİ gündəlik olaraq estakada və platformalarından dövlətə 1 250 ton neft və 2 mln. kubmetr qaz verir.
Qeyd edək ki, N.Nərimanov adına NQÇİ üzrə quyuların orta dərinliyi 5 km-dir. İdarənin mədənlərində neft hasilatı qaz-lift üsulu ilə həyata keçirilir. Neftin laydan sıxışdırılması üçün daim yüksək təzyiqli qaz lazımdır və onun əldə edilməsi üçün 6 stansiyadan ibarət olan İdarənin kompressor təsərrüfatı modernləşdirilir. Son illər ərzində 3 stansiyanın modernləşdirilməsi başa çatdırılıb. Onların hər birində kompüter idarəetmə sistemi ilə təchiz olunmuş 10 ədəd yeni nəsil qaz-turbin aqreqatı quraşdırılıb. Yaxın aylarda sayca dördüncü kompressor stansiyasının modernləşdirilməsi və əsaslı təmiri başa çatdırılacaq. Stansiya neft hasilatını sabit səviyyədə saxlamaq məqsədilə mədənlərdəki qaz-lift sisteminə yüksək təzyiqli qazın verilməsini təmin etmək üçün nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR