Bakıda Azərbaycan-Türkmənistan neft-qaz konfransı başlayıb

Bakıda Azərbaycan-Türkmənistan neft-qaz konfransı başlayıb
# 09 sentyabr 2008 08:59 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, konfransda 27 ölkədən 420 nümayəndə iştirak edir. Türkmənistan konfransa hökumət, dövlət qurumları və şirkətlərinin rəhbərlərindən ibarət 58 nəfərlik nümayəndə heyəti ilə qatılıb. Nümayəndə heyətinə «Türkmənqaz» Dövlət Şirkətinin prezidenti Baymurad Xocaməhəmmədov rəhbərlik edir.
Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov bildirib ki, konfransın məqsədi iki ölkə arasında əməkdaşlığı daha da dərinləşdirməkdən ibarətdir. Y.Eyyubov deyib ki, son bir ildə Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsi 53 mln. ABŞ dolları təşkil edib: «Bu səviyyə hazırda bizi qane etmir. Çünki ölkələrin coğrafi yaxınlığından istifadə edib, əlaqələri daha da dərinləşdirmək imkanlarımız mövcuddur».
Azərbaycan prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov dövlət başçısı İlham Əliyevin konfrans iştirakçılarına məktubunu oxuyub. Ə.Əsədov qeyd edib ki, Türkmənistan prezidentinin Azərbaycana səfərindən sonra ölkələr arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyub və bu münasibətlər inkişaf edir.
«Türkmənqaz»ın prezidenti B.Xocaməhəmmədov isə vurğulayıb ki, bir sıra, xüsusən də strateji sahələrdə, məsələn, neft və qaz sektorunda ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə ehtiyac var: «Biz Azərbaycanla uzunmüddətli əməkdaşlıq qurmaq istəyirik. İlk növbədə öz ölkəmizin də sərmayə mühitini yaxşılaşdırırıq. Belə ki, artıq Türkmənistanda investisiya mühitinin yaxşılaşdırılması istiqamətində yeni qanunvericilik bazası hazırlanıb, mövcud qanunvericilik isə təkmilləşdirilib».
B.Xocaməhhəmədov əlavə edib ki, bu gün Türkmənistanda 850-dən çox neft-qaz yatağı müəyyənləşdirilib və bu yataqlardan əldə edilən gəlir 45 mlrd. dollardan çoxdur. Onun sözlərinə görə, Türkmənistanın 1000-dən çox perspektivli karbohidrogen strukturları mövcuddur.
Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev isə qeyd edib ki, konfransda əsasən enerji təhlükəsizliyinin müzakirəsi nəzərdə tutulub. N.Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan Türkmənistanın enerji resurslarının Avropaya nəqli sahəsində hansı rolu oynana biləcəyi imkanlarını bir daha göstərəcək: «Biz Xəzərdə hansı işləri görə biləcəyimizi, boru kəmərlərinin inşası ilə bağlı məsələləri də müzakirə edəcəyik. Bizim enerji dəhlizlərimiz mövcuddur və digər dəhlizlərdən daha etibarlıdır. Azərbaycan öz potensialını bu konfrans vasitəsi ilə Avropaya göstərəcək».
N.Əliyev deyib ki, tədbir çərçivəsində iki ölkənin şirkət və dövlət qurumları arasında müəyyən əməkdaşlıq sənədlərinin imzalanması gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR