İran öz iştirakı olmadan «Nabucco» layihəsinin icrasını real saymır

İran öz iştirakı olmadan «Nabucco» layihəsinin icrasını real saymır
# 15 sentyabr 2008 13:49 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. «Nabucco» qaz boru kəmərinin İranın iştirakı olmadan fəaliyyət göstərməsi mümkün deyil. «APA-Economics»in «Wiener Zeitung» qəzetinə istinadən verdiyi məlumata görə, bunu İranın neft naziri Qulamhüseyn Nəzəri bəyan edib.
Nazir Avstriyanın «Nabucco» layihəsində iştirak edən təmsilçisi OMV neft-qaz şirkətini İranı tezliklə layihə cəlb etməyə və qazın alqı-satqısına dair ikitərəfli sazişi bağlamağa çağırıb. Q.Nəzərinin fikrincə, qaz tədarükünə dair kifayət qədər zəmanətin olmaması fonunda İran resurslarına yüksək tələbat aydın hiss olunur: «Nabucco» boru kəmərinin işinin İranın iştirakı olmadan mümkünsüzlüyünü hamı etiraf edir. Dünyanın təbii qaz resurslarının 16%-nə malik olan ölkəni nəzərə almamaq olmaz».
Qeyd edək ki, gələcəkdə kəmərin əsas real təchizatçı kimi Azərbaycan qiymətləndirilir.
Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. Bu yaxınlarda layihənin ümumi investisiya dəyəri 4,6 mlrd. avrodan 7,9 mlrd. avroyadək (12,3 mlrd. ABŞ dolları) artırılıb.
İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq, illik nəqletmə gücü isə 31 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Layihə çərçivəsində ilk qazın artıq 2013-cü ildə Avropaya çatdırılması planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR