BP "Azəri-Çıraq-Günəşli – 25" kitabını təqdim edib

BP "Azəri-Çıraq-Günəşli – 25" kitabını təqdim edib
# 16 dekabr 2019 11:49 (UTC +04:00)

BP və onun "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənilməsi üzrə tərəfdaşları Azərbaycanın yeni neft dövrünün 25 illik tarixinin əsaslı tədqiqatını özündə əks etdirən kitabın təqdimatını keçiriblər.

"APA-Economics"in məlumatına görə, "Azəri-Çıraq-Günəşli – 25" kitabının təqdimat mərasimi zamanı SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov AÇG layihəsinin vacibliyi və Azərbaycan iqtisadiyyatına verən töhfəsindən danışıb.

"İnanırıq ki, bu kitab AÇG yataqlar bloku haqqında etibarlı informasiya mənbəyi kimi xidmət edəcək", - deyə mərasim zamanı BP-in Azərbaycan, Gürcüstan və Türkiyə regionunda əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

Onun sözlərinə görə, indiyədək AÇG blokundan 3,6 mlrd. bareldən artıq neft hasil edilib və bu ilin axırına kimi hasilat üzrə göstəricinin 500 mln. tona çatacağı gözlənilir.

Qeyd edək ki, 190 səhifəlik kitab 500 nüsxədə dərc edilib və bu nüsxələrin hamısı universitetlərə, tədqiqatçılara, kitabxanalara və biznes icmasının üzvlərinə təqdil olunacaq. Tədqiqatın və kitabın müəllifi jurnalist və iqtisadçı-analitik İlham Şabandır.

Əlavə etmək lazımdır ki, 2019-cu ildə BP və tərəfdaşları Azərbaycanda öz sosial layihələrinə təxminən 4 mln. ABŞ dollarından çox vəsait xərcləyiblər. Ümumilikdə isə, Azərbaycanda fəaliyyətə başladığı vaxtdan indiyədək BP özü və onun əməliyyatçı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə 84 mln. dollardan çox vəsait xərcləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR