BP: ACE layihəsi üzrə müfəssəl mühəndis-layihələndirmə işləri başa çatıb

BP: ACE layihəsi üzrə müfəssəl mühəndis-layihələndirmə işləri başa çatıb
# 29 aprel 2021 15:19 (UTC +04:00)

COVID-19 pandemiyasının yaratdığı çətinliklər və məhdudiyyətlərə baxmayaraq, bu ilin I rübü ərzində Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun işlənilməsi çərçivəsində "Azəri Mərkəzi Şərqi" (ACE) layihəsi vəziyyətə uyğunlaşmaqla fasiləsiz davam etdirilib.

"APA-Economics"in BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2021-ci ilin I rübünün yekunlarına dair dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, birinci rübün sonuna layihə üzrə müfəssəl mühəndis-layihələndirmə işləri ümumilikdə başa çatıb. İri avadanlıq yüklərinin və irihəcmli materialların tikinti-quraşdırma işlərinin qrafikini dəstəkləyərək Bakıya daşınması davam edib.

"Platformanın üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində davam etmişdir. Ağır yüklərin qaldırılması proqramı irəliləmişdir və bura aşağıdakı əməliyyatlar daxildir: alt göyərtənin bütün seksiyalarının quraşdırılması, üst göyərtənin ilk seksiyalarının öz mövqelərinə qaldırılması və bir neçə əsas qazma modulunun qaldırılması. Mexaniki avadanlıq dəstlərinin quraşdırılması irəliləmişdir, boru xətlərinin quraşdırılması, dikəldilməsi və kabellərin çəkilməsi işlərinə başlanılıb. Mexaniki avadanlıq dəstlərinin yoxlanması və avadanlıqların çatdırılması davam etmişdir, yaşayış modullarının və əsas gəmi yüklərinin çatdırılması plan üzrə irəliləmişdir. Yaşayış modulları İsveçdən yola salınmışdır və bu ilin ikinci rübündə Bakıya çatdırılacağı gözlənilir", - məlumatda deyilir.

Hesabat dövründə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda dayaq blokunun tikintisi həm quraşdırma sexlərində, həm də ştapelin üzərində olmaqla bütün sahələrdə davam etmişdir. Sualtı qurğuların və birləşdirici dirsəklərin istehsal-quraşdırma işləri də davam etdirilib.

Rüb ərzində həmçinin ACE layihəsinin dəniz işlərinin digər hissələrini də irəli aparan fəaliyyətlər olub. Bunlara lay sularının idarə olunması ilə bağlı "Mərkəzi Azəri" platformasında aparılan işlər və "Şərqi Azəri" platformasında ACE platformasının "Azəri" yatağındakı digər obyektlərdən elektrik enerjisi alması ilə enerji istehsalının optimallaşdırılmasına imkan verəcək işlərə 2021-ci ilin ikinci rübündə başlanması üçün hazırlıqlar daxildir. Səngəçal terminalında yerləşəcək ACE nəzarət otağının layihələndirilməsi tamamlanmışdır və planlaşdırılmış modifikasiya işləri bu ilin IV rübündə başlanacaq.

"Ümumilikdə, 2023-cü ildə ACE layihəsindən ilk hasilatı əldə etmək üçün həyata keçirilən mühəndis-layihə, tədarük və istehsal-quraşdırma işləri qrafikə uyğun davam edir", - hesabatda vurğulanır.

Qeyd edək ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, MOL – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı idi (2024-cü ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzaladılar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR