BP: "Şahdəniz-2" layihəsi çərçivəsində 20 quyu qazılıb

BP: "Şahdəniz-2" layihəsi çərçivəsində 20 quyu qazılıb
# 16 noyabr 2020 12:37 (UTC +04:00)

"İstiqlal" və "Maersk Explorer" qazma qurğuları vasitəsilə Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində ümumilikdə 20 quyu qazılıb.

Bu barədə "APA-Economics" BP-nin Azərbaycanda apardığı əməliyyatlar üzrə 2020-ci ilin ilk üç rübünün yekunlarına dair dərc etdiyi hesabata istinadən xəbər verir.

"III rüb ərzində "Şahdəniz-2" komandası "Xankəndi" sualtı tikinti gəmisi vasitəsilə sualtı quraşdırma işlərini plana uyğun davam edib. "İsrafil Hüseynov" borudüzən gəmisi şərq-cənub cinahına bağlanan axın xətlərinin mexaniki quraşdırılmasını 8 oktyabrda təhlükəsiz şəkildə başa çatdırıb, bu isə layihə üzrə mühüm bir işdir", - hesabatda qeyd edilir

Hesabata əsasən, dərinsulu şərq-cənub cinahından (suyun 540m dərinliyində) hasilatın başlanması dənizdə quraşdırma və istismar sınaqları bitdikdən sonra 2021-ci ilin birinci yarısına planlaşdırılır. Digər iki dərinsulu cinahdan (qərb-cənub və şərq-şimal) hasilatın başlanması gələcək illərə planlaşdırılır və hasilatın planlaşdırılan ən yüksək sabit səviyyəsinə nail olmağı təmin edəcək.

Üçüncü rübdə "Şahdəniz Alfa" platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.

“"İstiqlal" qazma qurğusu SDC05 quyusunu tam dərinliyinədək qazıb və quyu konservasiya olunub. "Maersk Explorer" qurğusu SDF04 quyusunu tam dərinliyinədək qazıb və quyu konservasiya olunub. Bu qurğu həmçinin SDF05 quyusunun üst və alt hissələrini qazıb”, - hesabatda vurğulanır.

Bu iki qurğu "Şahdəniz-2" hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 20 quyu qazıb və bunlardan 16-sını tamamlayıb – yatağın şimal cinahında dörd quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb cinahın cənub hissəsində iki quyu, şərq cinahın şimal hissəsində iki quyu tamamlanıb; qərb cinahın cənub hissəsində iki quyu tam dərinliyədək qazılıb və konservasiya olunub. Qazma işləri hasilatın planlaşdırılan ən yüksək sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

Qeyd edək ki, "Şahdəniz-2" çərçivəsində hasil olunan qaz Cənub Qaz Dəhlizi vasitəsi ilə Türkiyə və Avropaya nəql edilməsi nəzərdə tutulub. Türkiyəyə bu layihə üzrə qaz artıq nəql edilir. Avropaya isə qazın nəqlinə bu ilin dördüncü rübündə start veriləcək.

Xatırladaq ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR