IEA: "OPEC+" çərçivəsində tədarükün azaldılması inamlı başlanğıcdır

IEA: "OPEC+" çərçivəsində tədarükün azaldılması inamlı başlanğıcdır
# 24 aprel 2020 16:02 (UTC +04:00)

"OPEC+" (Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azalması üzrə təşəbbüs) çərçivəsində neft hasilatının azaldılması inamlı başlanğıcdır, lakin bazarda tarazlığı dərhal bərpa etmək üçün kifayət deyil.

"APA-Economics”in məlumatına görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol öz "Twitter" səhifəsində bölüşüb.

"Neft bazarlarında sənaye üçün bu "qara aprel"də qeyri-adi qarışıqlıqları izləməyə davam edirik. "OPEC+" (çərçivəsində - red) tədarükün azaldılması etibarlı bir başlanğıcdır, lakin düşən tələbin miqyası səbəbindən bazar tarazlığını dərhal bərpa etmək üçün kifayət deyil", - F. Birol qeyd edib.

Xatırladaq ki, 9 apreldə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında mayın 1-dən 2022-ci ilin aprelinədək gündəlik neft hasilatının üç mərhələ üzrə azaldılması barədə qərar qəbul edilib.

"Əməkdaşlıq Bəyannaməsi"nə edilmiş düzəlişlərə əsasən, Meksikanın hasilat kvotaları may-iyun aylarında 400 min barel əvəzinə 100 min barel müəyyənləşdirilib. Meksikanın öhdəliyinin digər qismini kompensasiya etmək üçün ABŞ-ın öz hasilatını əlavə olaraq 300 min barel azaltması ilə razılaşıb. Bununla da "OPEC+" üzrə gündəlik neft hasilatının mayın 1-dən 9,7 mln. barel (10 mln. barel əvəzinə), iyulun 1-dən ilin sonuna kimi 7,7 mln. barel və 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 mln barel həcmində azaldılması qərarının icrasına yekdilliklə razılıq verilib.

Dünya neft bazarında balansın yaradılması və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə Azərbaycan da üzərinə yeni öhdəliklər götürüb. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan yeni Razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barel azaltmalı olacaq. Bu müddət ərzində (may-iyun) Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel həcmində saxlamalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR