"Lukoil": Martın ortalarında neftin qiyməti 60 dollar səviyyəsinə qayıdacaq

"Lukoil": Martın ortalarında neftin qiyməti 60 dollar səviyyəsinə qayıdacaq
# 03 mart 2020 15:03 (UTC +04:00)

OPEC+ neft istehsalının azaltması üzrə təşəbbüsü (Neft İxrac Edən Ölkələr Təşkilatı və təşkilata daxil olmayan ölkələri əhatə edir) çərçivəsində bu ilin mart ayının 5-6 Vyanada keçiriləcək nazirlərin görüşündən sonra neftin bir barelinin qiyməti 60 ABŞ dolları səviyyəsinə qayıdacaq.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın "Lukoil" şirkətinin vitse-prezidenti və şəriki Leonid Fedun deyib.

Onun sözlərinə görə, mart görüşündən sonra OPEC+ artıq nefti bazardan çıxaracaq və martın ortalarında qiymət bir barel üçün təqribən 60 dollara qayıdacaq.

"Neftə olan tələb, təbii olaraq, koronavirus nəticəsində azalıb, lakin bunun təsiri qısamüddətli olacaq. Şübhə yoxdur ki, artıq neft həcmləri bazardan çıxarılacaq və mart ayının ortalarında Brent markalı neftin qiyməti 60 dollardan artıq olacaq", - deyə L. Fedun qeyd edib.

Onun fikrincə, gündəlik neft hasilatı 600 min bareldən 1 mln. barelədək olan intervalda azaldıla bilər.

Qeyd edək ki, OPEC+ Ekspert Texniki Komitəsi (bu ilin 4-6 fevralda keçirilən təcili yığıncağı nəticəsində) iştirakçı ölkələrə Çində yayılan yeni koronavirusun (COVID-19) təsirini aradan qaldırmaq məqsədi ilə gündəlik neft hasilatını bu ilin axırına kimi daha 600 min barel azaltmağı tövsiyə edib. Bundan əlavə OPEC+ təşəbbüsündə istirak edən olkələrin növbədən kənar nazirlər görüşünün keçirilə biləcəyi barədə müzakirələr aparılırdı.

Xatırladaq ki, 2019-cu ilin 6 dekabr tarixində Vyanada keçirilən OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin VI görüşündə 2020-ci ilin I rübündə gündəlik neft hasilatının daha 500 min barel azaldılması ilə bağlı qərar qəbul olunub. Bununla da OPEC+ üzrə gündəlik neft hasilatının azaldılması ilə bağlı öhdəlik 1,7 mln. barelə çatdırılıb. Hasilatın azaldılması ilə bağlı əlavə həcmlərin bölünməsi OPEC+ ölkələri arasında proporsional qaydada aparılıb.

Dünya neft bazarının tənzimlənməsi prosesinə dəstək məqsədilə Azərbaycan da hasilatın əlavə həcmlərdə azaldılması ilə bağlı yeni razılaşmaya qoşulub. Azərbaycan müvafiq olaraq gündəlik neft hasilatını 20 min bareldən əlavə 7 min barel də azaldacaq. Beləliklə, öhdəliyi 27 min barelə yüksələn Azərbaycan 2020-ci ilin yanvar ayından etibarən gündəlik hasilatı 769 min barel həcmində saxlamalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR