SOCAR Gürcüstandakı YDM-ləri günəş enerjisi ilə təmin edir - FOTO

SOCAR Gürcüstandakı YDM-ləri günəş enerjisi ilə təmin edir - FOTO
# 30 aprel 2021 14:57 (UTC +04:00)

2019-cu ildən etibarən SOCAR Gürcüstandakı yanacaqdoldurma məntəqələrində (YDM) günəş panellərinin quraşdırılması layihəsinə start verib. Son həftələrdə layihə çərçivəsində Tbilisi Dənizi (su anbarı) üzərindəki yanacaqdoldurma məntəqəsi də günəş panelləri ilə təchiz edilib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, hazırda şirkətin iki yanacaqdoldurma məntəqəsi günəş enerjisi ilə fəaliyyət göstərir. Yanacaqdoldurma məntəqələrində günəş panellərinin layihələndirilməsi və quraşdırılmasına Almaniyanın “Sonnerschmied” şirkətinin mütəxəssisləri cəlb olunub və bu işlər vahid Avropa bazarı sertifikatının tələblərinə və beynəlxalq standartlara uyğun aparılır.

Tbilisi Dənizi üzərindəki yanacaqdoldurma məntəqəsinin damında 200 kvadrat metr sahədə quraşdırılmış günəş panellərinin gücü 39,6 kVt-dir ki, bu da il ərzində 48 min kVt/saat enerji istehsalına imkan verir. Günəş panelləri yanacaqdoldurma stansiyasının enerji tələbatını ödəyəcək, elektromobillərin enerji ilə təchiz olunmasında, “Way Mart” pərakəndə satış mərkəzlərinin tələbatının ödənilməsində istifadə olunacaq və bununla da atmosferə atılan karbon qazlarının həcmi 28,7 ton azaldılacaqdır.

Hazırda şirkət bu istiqamətdə daha irimiqyaslı layihələrin həyata keçirilməsi imkanlarını araşdırır. SOCAR-ın planlarına avtonom enerji tədarükü, elektromobillərin sürətli enerji təminatı, o cümlədən günəş enerjisi vasitəsilə təminatı üzrə şəbəkənin yaradılması daxildir. Onu da qeyd etmək lazımdır ki, SOCAR Gürcüstanın neft-qaz sektorunda bu cür genişmiqyaslı layihələrə start verən ilk şirkətdir.

SOCAR Gürcüstandakı fəaliyyətində korporativ sosial məsuliyyətin 5 əsas standartını – gənclərin inkişafı, qadın hüquqlarının müdafiəsi, yaşlılara və əlillərə yardım, əməyin təhlükəsizliyi və ekologiyanı əsas götürür. Şirkət qonşu ölkədəki YDM şəbəkəsinin elektromobillər üçün enerji yükləmə vasitələri ilə təchiz olunması sahəsində öncül rol oynayır. SOCAR həmçinin Borjomidə yanğından sonra məhv olmuş meşələrin böyük hissəsinin bərpasında iştirak etmiş və 2 hektar sahədə ağac əkmişdir. 2019-cu ildə Gürcüstan hökuməti ilə birgə Tbilisinin Varketili rayonunda ağac əkmə kampaniyasında yaxından iştirak edən SOCAR Azərbaycanda ətraf mühitin mühafizəsi istiqamətində daha böyük layihələrə imza atıb. Şirkət neftlə çirklənmiş ərazilərin və lay suların təmizlənməsi, tullantıların utilizasiyası, səmt qazının atmosferə buraxılmaması kimi genişmiqyaslı fəaliyyətlərlə məşğul olur, hər il Abşeron yarımadasında 100 mindən çox ağac əkir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR