Azərbaycanda istehlakçılar gələn il iyulun 1-dən ağıllı sayğaclarla təchiz ediləcək

Azərbaycanda istehlakçılar gələn il iyulun 1-dən ağıllı sayğaclarla təchiz ediləcək
# 17 iyun 2021 12:18 (UTC +04:00)

Enerji təchizatçıları elektrik enerjisi, təbii qaz, mərkəzi isitmə və soyutma təchizatı və isti məişət suyunun istehlakçılarını ağıllı sayğaclarla təchiz edəcək.

APA-nın məlumatına görə, bu, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsində əksini tapıb.

Ağıllı sayğac istehlak olunan enerjinin miqdarını və dəyərini zamana görə ölçən, məlumatların müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə, təchizatçılara və istehlakçılara çatdırılmasını təmin edən müasir ölçmə cihazıdır.

Enerji təchizatçıları mövcud sayğaclar zədələndiyi və ya onların dəyişdirilməsi zərurəti yarandığı hallarda da istehlakçıları ağıllı sayğaclarla təmin edəcək.

Binaların istilik enerjisi ilə təchizatı mərkəzləşdirilmiş qaydada həyata keçirildikdə qoşulma nöqtəsində istilik və isti su sayğacı quraşdırılacaq.

Enerji təchizatçısı son istehlakçılar üçün istehlak olunmuş enerjiyə dair ağıllı sayğacdan müasir internet şəbəkəsi vasitəsilə ötürülən və ya sayğacın interfeysindən əldə edilən istənilən müddət (ay və il) üzrə istehlak məlumatlarının əlçatanlığını təmin etməlidir.

Qeyd edək ki qanun Milli Məclisdə qəbul edildiyi təqdirdə 2022-ci il iyulun 1-dən qüvvəyə minəcək. Qanun qüvvəyə mindiyi gündən “Enerji resurslarından istifadə haqqında” 1996-cı il 30 may tarixli 94-IQ nömrəli qanun ləğv ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR