Azərbaycanda "Premium" və "Super" markalı benzin bahalaşıb

Azərbaycanda "Premium" və "Super" markalı benzin bahalaşıb
# 15 sentyabr 2021 09:37 (UTC +04:00)

Sentyabr ayının 15-dən etibarən "A-98 SUPER" və "A-95 PREMİUM" markalı yanacaq növlərinin qiymətində artım baş verib.

Azərbaycana avtomobil yanacağının satışı ilə məşğul olan "SOCAR-Petroleum" şirkətindən "APA-Economics"ə verilən məlumata görə, hazırda "A-98" 1,90 manata, "A-95" isə 1,60 manata satılır.

"Mənbə ölkədə qiymət artımı ilə əlaqədar olaraq Azərbaycana idxal olunan "A-98 SUPER" və "A-95 PREMİUM" yanacaq növlərinin qiymətində artım baş verib", - şirkətdən bildirilib.

Qeyd edək ki, bundan öncə "A-95 PREMİUM"un 1 litrinin qiyməti 1,45 manat, "A-98 SUPER" markalı benzinin qiyməti isə 1,6 manat təşkil edirdi.

Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan xaricdən dəyəri 60,361 mln. ABŞ dolları (102,614 mln. manat) dəyərində 85 680,79 ton "Premium" markalı benzin idxal edib. İdxal olunan benzinin həcmi 76,8%, dəyəri isə 2,1 dəfə artıb. Hesabat dövründə Azərbaycana "Premium" markalı benzininin əsas tədarükçüsü Rusiya olub (ümumi idxalın 53,5%-i). Ölkə Azərbaycana 31,343 mln. dollarlıq (53,282 mln. manat) 31 342,6 ton "A-95" tədarük edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsində 19,3%, dəyər ifadəsində isə 36,2% çoxdur. Lakin iyul ayında Azərbaycan Rusiyadan "A-95" idxal etməyib.

Azərbaycana ən çox "Premium" markalı benzin göndərən ikinci ölkə isə Rumıniya olub. Belə ki, 2021-ci yanvar-iyul aylarında ölkə Azərbaycana 23,877 mln. dollarlıq (40,591 mln. manat) 32 371,47 ton "A-95" benzini ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsində 4 dəfə, dəyər ifadəsində isə 5,6 dəfə çoxdur.

"Super" markalı benzinə gəldikdə, bu ilin yanvar-iyul aylarında Azərbaycan xaricdən dəyəri 1,273 mln. dollar dəyərində (2,164 mln. manat) 1 563,19 ton "A-98" markalı benzin idxal edib. Ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan benzinin həcmi 9,3%, dəyəri isə 12,4% artıb. Cari ilin ilk yeddi ayında Azərbaycana "Super" markalı benzininin əsas ixracatçısı Rumıniya olub (idxalın 84,1%-i). Ölkə Azərbaycana 1,076 mln. dollar (1,830 mln. manat) dəyərində 1 325,74 ton "Aİ-98" " benzini ixrac edib. Bu, illik müqayisədə müvafiq olaraq 6,6 dəfə və 6,3 dəfə çoxdur.

Qeyd edək ki, cari ilin iyul ayında Azərbaycan "A-98" benzini idxal etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR