Bolqarıstan Azərbaycan qazının idxalını artıracaq

Bolqarıstan Azərbaycan qazının idxalını artıracaq
# 04 oktyabr 2021 13:18 (UTC +04:00)

Bu ilin oktyabr ayından Bolqarıstan Azərbaycan qazının idxalını artıracaq.

APA Economics”in “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə “Bulgargaz” şirkətinin baş direktoru Nikolay Pavlov bildirib.

Bolqarıstanın ildə təxminən 3 mlrd. kubmetr qaz idxal etdiyini vurğulayan N. Pavlovun sözlərinə görə, qlobal qaz qiymətlərinin artmasının təsirini azaltmaq üçün ölkə oktyabr ayından etibarən Azərbaycan qazının idxalını artıracaq.

Hazırda Bolqarıstan Azərbaycandan ildə 1 mlrd. kubmetr qaz idxalı ilə bağlı müqavilənin yalnız bir hissəsini yerinə yetirir, çünki qazın Bolqarıstana nəql edilməli olduğu boru kəməri - Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəməri (IGB) hələ də tikilməkdədir və onun gələn ilin iyulunda istismara verilməsi gözlənilir.

Qeyd olunur ki, bu ilin yanvar-sentyabr aylarında Bolqarıstan 225 mln. kubmetr Azərbaycan qazı idxal edib. Oktyabr ayından isə Bolqarıstan Azərbaycandan qazın idxalını üçdə bir qədər artıracaq.

Xatırladaq ki, IGB-nin istifadəyə verilməsinin təxirə salınması səbəbindən Azərbaycan qazı Bolqarıstana müvəqqəti olaraq Yunanıstanın sərhəd nöqtəsində (Kula-Sidirokastro) mövcud birləşdirici xətlə nəql edilir.

Komotini (Yunanıstan) və Stara Zaqora (Bolqarıstan) arasında tikilən 182 km-lik IGB boru kəmərinin illik ötürmə gücü 3 mlrd. kubmetr olacaq, gələcəkdə bu göstərici 5 mlrd. kubmetrə çatdırıla bilər.

Qeyd edək ki, Bolqarıstanın "Bulgargaz" şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz" konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. Azərbaycan 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri vasitəsi ilə Avropaya qaz ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR