BP və tərəfdaşları indiyədək Azərbaycana 79 mlrd. dollar sərmayə yatırıblar

BP və tərəfdaşları indiyədək Azərbaycana 79 mlrd. dollar sərmayə yatırıblar
# 24 may 2021 15:00 (UTC +04:00)

Böyük Britaniyanın BP şirkəti tərəfdaşları ilə birlikdə Azərbaycanda operatorluq etdiyi layihələrə indiyədək 78,5 mlrd. ABŞ dollarında artıq sərmayə qoyub.

"BP-Azerbaijan" şirkətindən "APA-Economics"ə verilən məlumata görə, fəaliyyətə başladığı vaxtdan indiyədək BP özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə 94 mln. dollardan çox vəsait xərcləyib.

Məlumata görə, 2020-ci ildə BP və onun idarə etdiyi birgə müəssisələrdəki tərəfdaşları Azərbaycanda sosial sərmayə layihələrinə 3,2 mln. dollar vəsait xərcləyib. Bundan əlavə, 2020-ci ildə təkcə BP ölkədə müxtəlif sosial və sponsorluq layihələri çərçivəsində 4,2 mln. dollardan artıq vəsait xərcləyib.

Qeyd edək ki, bu gün BP beynəlxalq universitetlərdə geniş istifadə edilən yeddi dərsliyin Azərbaycan dilinə tərcümə edilmiş nəşrlərini təqdim edib. Bu, Azərbaycan dilinə tərcümə edilmiş və təxminən 17 min tələbənin faydalanması üçün yerli universitetlərə təqdim olunmuş əvvəlki altı dərsliyə əlavədir.

"Biz çox şadıq ki, dünyanın ən yaxşı üç iqtisadiyyat kitabının Azərbaycan dilində nəşr edilməsinin ardınca yerli universitetlərə vəd etdiyimiz növbəti 10 kitabın da Azərbaycan dilinə tərcüməsi başa çatıb. Ümumilikdə Azərbaycana gətirdiyimiz 13 beynəlxalq kitab təxminən 7 038 səhifəlik tədris materialı təşkil edir və bundan Bakıda və digər bölgələrdə yerləşən 32 yerli universitetin təxminən 17 min tələbəsi faydalanacaq. Düşünürük ki, bu, yerli universitetlərin öz tədris və təlim təcrübələrini təkmilləşdirmək və modernləşdirmək və ümumilikdə təhsilin keyfiyyətini artırmaq istiqamətindəki səylərinə böyük töhfə olacaq", - təqdimat zamanı BP-nin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR