Macarıstan Rusiya qazının alınmasına dair uzunmüddətli müqavilə imzalayacaq

Macarıstan Rusiya qazının alınmasına dair uzunmüddətli müqavilə imzalayacaq
# 24 sentyabr 2021 11:30 (UTC +04:00)

Bu ilin sentyabrın 27-də Rusiyanın "Qazprom" şirkətinin rəhbəri Aleksey Miller uzunmüddətli qaz tədarükü müqaviləsinin imzalanması üçün Macarıstana səfər edəcək.

"APA-Economics"in məlumatına görə, bu barədə RİA "Novosti" Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartoya istinadən xəbər verir.

Onun sözlərinə görə, müqavilə 15 il ərzində ildə 4,5 mlrd. kubmetr həcmində qazın tədarükünü nəzərdə tutur. Qazın tədarükünə oktyabr ayının 1-dən start veriləcək.

Nazirin sözlərinə görə, qaz iki marşrutla (Serbiya və Avstriya) nəql ediləcək.

Qeyd edək ki, Macarıstan Azərbaycan qazının qəbul edilməsində maraqlıdır. Cari ilin mart ayında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra P. Siyarto bildirib: "Macarıstanın qaz boru xətləri Serbiya qaz kəmərləri ilə birləşəcək. Macarıstanın Cənub Qaz Dəhlizindən qaz alması vacibdir. Azərbaycan qaz istehsalını artıra da bilər. Bunun nəticəsində biz əhəmiyyətli miqdarda qaz ala və 2023-2024-cü illərdə Azərbaycan qazından asılı ola bilərik. Hətta SOCAR-la da danışıqlara başlanılıb ki, lazımi kəmərlər tikilsin".

Xatırladaq ki, Azərbaycan qazı Avropaya Trans-Adriatik qaz kəməri (TAP) ilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti (TAP – red.) ilə "mavi yanacağın" kommersiya məqsədli nəqlinə ötən ili dekabrın 31-də başlanılıb. Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR