Rusiya neftin qiymətlərinə dair proqnozunu açıqlayıb

Rusiya neftin qiymətlərinə dair proqnozunu açıqlayıb
# 07 oktyabr 2021 14:59 (UTC +04:00)

Dünya iqtisadiyyatlarının bərpası gözlənildiyindən daha sürətli baş verir və "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaldılması üzrə təşəbbüs) razılaşması iştirakçıları neft bazarının həddindən artıq "qızmasının" qarşısını almaq üçün bunu nəzərə almalıdırlar.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu ölkənin energetika nazirinin müavini Pavel Sorokin deyib.

Onun sözlərinə görə, bazar üçün neftin bir barelinin tarazlıq qiyməti 45-60 ABŞ dolları diapazonundadır.

"Biz sabit qiymətlərə üstünlük veririk, bazarın həddindən artıq "qızmasını" istəmirik. Nəticədə, 45-60 dollar diapazonunda tarazlıq qiymətinin olmasını gözləyirik, belə qiymətlərlə bazar lazım olan tələbatı ödəyə bilər", - P. Sorokin qeyd edib.

Xatırladaq ki, 4 oktyabr tarixində "OPEC+" nazirləri neft hasilatını avqust ayında təsdiqlənmiş templərlə artırılmasını davam edilməsinə dair razılığa gəliblər.

Qeyd edək ki, "OPEC+" ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılmasına, 5,8 mln. barel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR