Rusiya və Macarıstan uzunmüddətli qaz müqaviləsinə dair razılığa gəlib

Rusiya və Macarıstan uzunmüddətli qaz müqaviləsinə dair razılığa gəlib
# 30 avqust 2021 16:15 (UTC +04:00)

Rusiya və Macarıstan atasında 15 illik yeni uzunmüddətli qaz tədarükü müqaviləsinin imzalanması barədə razılıq əldə olunub.

"APA-Economics"in məlumatına görə, bu barədə Rusiya mətbuatı Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartoya istinadən xəbər verir.

Məlumata görə, müqavilə ildə 4,5 mlrd. kubmetr həcmində qazın nəqlini nəzərdə tutur. Həcmin 3,5 mlrd. kubmetri Serbiya ərazisi ilə, 1 mlrd. kubmetri isə Avstriya ərazisi ilə çatdırılması nəzərdə tutulub.

P. Siyartonun sözlərinə görə, müqavilə sentyabrın axırında imzalanacaq, qazın tədarükünə isə oktyabr ayının 1-dən start veriləcək. Razılaşmaya əsasən, müqavilənin şərtlərinə 10 ildən sonra yenidən baxıla bilər.

Qeyd edək ki, Macarıstan Azərbaycan qazının qəbul edilməsində maraqlıdır. Cari ilin mart ayında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra P. Siyarto deyib: "Macarıstanın qaz boru xətləri Serbiya qaz kəmərləri ilə birləşəcək. Macarıstanın Cənub Qaz Dəhlizindən qaz alması vacibdir. Azərbaycan qaz istehsalını artıra da bilər. Bunun nəticəsində biz əhəmiyyətli miqdarda qaz ala və 2023-2024-cü illərdə Azərbaycan qazından asılı ola bilərik. Hətta SOCAR-la da danışıqlara başlanılıb ki, lazımi kəmərlər tikilsin".

Xatırladaq ki, Azərbaycan qazı Avropaya Trans-Adriatik qaz kəməri (TAP) ilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti (TAP – red.) ilə "mavi yanacağın" kommersiya məqsədli nəqlinə ötən ili dekabrın 31-də başlanılıb. Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR