"Star" NEZ Egey bölgəsinin ən böyük sənaye müəssisəsi seçilib

"Star" NEZ Egey bölgəsinin ən böyük sənaye müəssisəsi seçilib
# 26 may 2021 16:47 (UTC +04:00)

Türkiyənin ən böyük sənaye holdinqi “SOCAR Türkiyə”nin törəmə müəssisələrindən olan “Star” Neft Emalı Zavodu (“Star” NEZ) və "Petkim" neft-kimya kompleksi Egey Bölgəsi Sənaye Palatasının (EBSO) elan etdiyi “Egey Bölgəsinin Ən Böyük 100 Sənaye Müəssisəsi” siyahısında ilk üçlükdə yer alıb.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bölgədə fəaliyyət göstərən sənaye müəssisələrinin 2020-ci il üzrə istehsal həcmi və satış göstəricilərinin qiymətləndirilməsinə əsasən hazırlanmış siyahıda birinci yerə STAR NEZ layiq görülüb. 2020-ci ildə 10,3 mln. ton istehsal və 24 mlrd. lirəlik ümumi satış həcmi ilə Egey bölgəsinin ən böyük sənaye müəssisələri arasında ən yüksək nəticə göstərən “Star” NEZ yarandığı gündən bu vaxta kimi davamlı inkişaf dinamikasına nail olub. Ötən il 10,3 mln. ton xam neft emalı həcmi ilə Türkiyənin neft məhsulları ehtiyacının təxminən 25%-ni təkbaşına təmin etmiş “Star” NEZ-in çətin pandemiya şəraitində göstərdiyi uğurlu fəaliyyəti diqqətdən yayınmayıb.

İldə 3,6 mln. ton istehsal gücü ilə 15 əsas və 6 köməkçi müəssisədə 60-a yaxın müxtəlif məhsulun istehsalını həyata keçirən “Petkim” isə həmin siyahıda 3-cü yerdə qərarlaşıb. Pandemiya nəticəsində qlobal tədarük zəncirində baş verən ləngimələrə baxmayaraq 2020-ci il boyunca istehsal prosesini fasiləsiz davam etdirmiş “Petkim” dünyada bir çox neft-kimya müəssisələrinin istehsalı azaltmaq və ya dayandırmaq məcburiyyətində olub.

“Star” NEZ-in və “Petkim”in uğurlarını dəyərləndirən “SOCAR Türkiye” şirkətinin Emal və Neft-Kimya Bölməsinin rəhbəri və “Petkim”in baş direktoru Anar Məmmədov deyib: “İldə 4,8 mln. ton dizel və 1,6 mln. ton nafta ilə yanaşı ölkədəki cari kəsirin mühüm komponentlərindən olan təyyarə yanacağı və LPG kimi məhsulların da istehsalını həyata keçirən “Star” NEZ daxili bazara təklif etdiyi strateji məhsullar sayəsində Türkiyə iqtisadiyyatına mühüm töhfə verir. Fəaliyyətə başladığı 2018-ci ildən qısa müddət keçməsinə baxmayaraq zavodun ilk dəfə iştirak etdiyi bu qiymətləndirmədə Egey bölgəsinin ən böyük sənaye müəssisələri arasında 1-ci yerə layiq görülməsi bizi çox sevindirir. Eyni zamanda digər törəmə şirkətimiz olan “Petkim”in də həmin siyahıda ilk üçlükdə yer alması qürurvericidir. Türkiyə sənayesinin strateji sahələrində uğurla fəaliyyət göstərən iki nəhəng müəssisəmizlə istehsal gücümüzü göstərməyə və ölkə iqtisadiyyatına dəyərli töhfələr verməyə davam edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR