ABŞ-ın “asimmetrik savaş” alətləri -“Demokratiya sammiti”nin hədəfləri - TƏHLİL

ABŞ-ın “asimmetrik savaş” alətləri -“Demokratiya sammiti”nin hədəfləri - TƏHLİL
# 20 noyabr 2021 10:48 (UTC +04:00)

BMT və Avropa İttifaqının hesabatlarında görünən nüanslar

Məşhur “Foreign policy” dərgisi ABŞ prezidenti Co Baydenin təşəbbüsü ilə dekabrın 9-10-da keçiriləcək virtual “Demokratiya sammiti”ni tənqid edib. Məqalədə qeyd olunur ki, “rəsmi məlumata görə, sammitdə avtoritarizmə qarşı tədbirlər, korrupsiya ilə mübarizə, demokratiyanın təbliği mövzuları üzrə öhdəlik və təşəbbüslər müzakirə olunacaq. Amma tədbirə dəvətlilərin siyahısı müzakirələrin mahiyyəti üzrə keçiriləcəyinə şübhə yaradır”. Siyahını təftiş edib təəccüblənən “Foreign policy” təhlilçiləri qeyd edirlər ki, “Baydenin Demokratiya sammiti çox sayda qeyri-demokratik ölkələri də əhatə edəcək” ( https://foreignpolicy.com/2021/10/19/biden-summit-for-democracy-poland-mexico-philippines/?tpcc=recirc_trending062921 ).

Digər institutlar da Co Baydenin qonaqlarının kimliyini təhlil ediblər. Bəlli olur ki, “sammitin iştirakçıları siyahısında korrupsiya hallarının yüksək olduğu ölkələrlə yanaşı, terrorçu xislətli, avtoritar mahiyyətli ölkələrin liderləri də yer tuturlar”. Məsələn, “Demokratiya sammiti”nə dəvət alan Qərbi Afrika ölkələrinin əksəriyyətində insanlar hər hansı bir hərəkətlərinə görə məhkəmsiz, sorğu-sualsız, küçədə cəngəllik qanunları ilə güllələnirlər. BMT hesabatlarına baxanda görünür ki, Benin, Burkina Faso, Qambiya, Qana, Qvineya, Qvineya-Bisau, Cape Verde, Fil Dişi Sahili, Liberiya, Mavritaniya, Mali, Nigeriya, Senegal, Syerra-Leone və Togo-da ekstremistlər hakimiyyəti öz əllərinə almasından tutmiş qeyri-insani üsul-idarəyə kimi demokratiya ilə bir araya sığmayan bütün təzahürlərə rast gəlmək olar. Terrorizm, mütəşəkkil cinayətkarlıq və icmalararası zorakılıq bu ölkələrdə gündəlik həyat tərzinə çevrilib (https://news.un.org/ru/story/2020/01/1370281?fbclid=IwAR3JP9tnSwTv_1HRHAQOuuhx0uzo32NgsjBLbS5d1HskKQYQ7z062pbvsms ). Buna rəğmən, adı keçən ölkələrin liderləri “Demokratiya sammiti”nin dəvətliləri siyahısında yer tuturlar.

Adolf Hitlerə rəğbətini açıq tekstlə ifadə edən, rəsmi çıxışlarında bunu dilə gətirən Filippinin lideri, diktator Radrigo Duterte də Co Baydenin “Demokratiya sammiti”nə dəvət alanlar siyahsındadır. Filippin Milli Polisinin illik hesabatında qeyd edilib ki, “2016-cı il iyulun 1-dən 2017-ci il yanvarın 16-dək ölkədə narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə tədbirləri çərçivəsində 6.299 nəfər sorğu-sualsız, məhkəmə qərarı olmadan qətlə yetirilib”. Siyasi baxışlarına görə həbsdə yatmış jurnalistlərdən biri isə Filippin həbsxanaları barədə xatirələrində qeyd edir ki, “onlar ( polisi nəzərdə tutur) məhbusları heyvan kimi kəsirdilər”. (https://www.nytimes.com/interactive/2016/12/07/world/asia/rodrigo-duterte-philippines-drugs-killings.html?smid=tw-share&_r=3 ).

Filippin polisinin rəsmi hesabatından bəlli olur ki, ölkədə narkotik alverində şübhəli bilinən 45 000-dən çox insan həbsxanalarda məhkəmə hökmü olmadan saxlanılır (https://www.rappler.com/newsbreak/iq/numbers-statistics-philippines-war-drugs). Bütün bunlara rəğmən, ölkə rəhbəri Radrigo Duterte “Demokratiya sammiti”nə dəvət alanlar siyahısındadır.

BMT-nin ayrı-ayrı mövzular üzrə hesabatlarını incələdikcə, “Demokratiya sammiti”nin iştirakçıları barədə yüzlərlə faktlar ortaya çıxır. Bu faktların hər biri sammitin rəsmi prinsipləri ilə ziddiyyət halındadır. Bununla bağlı BMT sənədləri ilə yanaşı, Avropa İttifaqının hesabat sənədləri də yetərli faktlat verir.

2019-cu ilin mart ayında Brüsseldə Avropa İttifaqının daxili istifadə məqsədilə ( özünün siyasi / iqtisadi institutları üçün) tərtib etdiyi, Ermənistan hökuməti və hakim ailəsi haqqında korrupsiya faktlarını ehtiva edən məxvi hesabat üzə çıxdı (https://t.me/CompromatSNG/7 ). Hesabatda qeyd edilirdi ki, Ermənistanda “korrupsiyaya qarşı mübarizə”, “demokratiya quruculuğu” şüarları ilə hakimiyyətə gələn yeni baş naziri Nikol Paşınyan və onun həyat yoldaşı Anna Akopyan tərəfindən “effektiv idarə olunan” korrupsiya mexanizmi qurulub. Bəlli olub ki, keçmiş iqtidar mənsubları, yəni Paşinyanın siyasi rəqibləri tərəfindən Akopyanın koordinasiya etdiyi müxtəlif fondlara yüksək məbləğli vəsaitlər köçürülüb. Aİ hesabatı həmin vəsaitləri rüşvət və korrupsiya halı kimi tövsif etmişdi. Çünki, keçmiş komanda üzvləri, tanınmış simalar qeyd edilən vəsaitləri Akopyanın fondlarına o məqsədlə köçürmüşdülər ki, qarşılıq olaraq adları istintaq materiallarından çıxarılsın, “keçmiş korrupsionerlər” qismində həbs edilməsinlər. Köçürmələrin məbləği yüksək rəqəmlərlə - 1,5 milyard Avro ilə ifadə olunurdu. Qəribə olan isə budur ki, Avropa İttifaqının hesabatında yer tutan bu faktlar ABŞ hökuməti tərəfindən “qeydə alınmayıb”. Əksinə, Ermənistan baş naziri “korrupsiyaya qarşı effektiv mübarizə aparan”, “demokratiya quruculuğu ilə məşğul olan” şəxs kimi Co Baydenin təşkil etdiyi “Demokratiya sammiti”nə dəvət alıb.

Co Baydenin hədəfləri

Sadalanan faktlardan çıxan bir nəticə var: Co Baydenin təşkil etdiyi toplantının məqsədi rəsmi elanda göstərildiyindən fərqli olaraq, heç də “korrupsiya ilə mübarizə aparmaq, demokratiyanı təşviq etmək” deyil. “Demokratiya sammiti” ABŞ-ın əlində “asimmetrik savaş” alətlərindən biridir. O, hər hansı bir bölgə və ya dövlətdə öz hədəflərinə çatmaq üçün iqtisadi-siyasi təzyiq vasitələrindən, diplomatik basqılardan, psixoloji təsirlərdən yararlanır, hədəf ölkələri şərləməklə gözdən salır. Maraqlarına cavab verən, siyasətinə boyun əyən ölkələrin liderlərini, hətta qeyri-demokratik, korrupsiyaya bulaşmış olsalar da, “Demokratiya sammiti”nə dəvət edib “şərəfləndirir”. Əks çıxanları isə “korrupsioner”, “avtoritar”, “terrorist” yarlığı ilə damğalayır, dünya ictimaiyyətinin qınaq obyektinə çevirir.

İndi dünyanın müxtəlif qütblərində ABŞ-ın maraqları üçün təhlükə yaranıb. Onun qurduğu təkqütblü dünya düzəni sona yetir. Yeni formatlar, yeni güc mərkəzləri formalaşır. ABŞ isə müdaxilə edib, prosesi pozmağa çalışır. Co Bayden prezident seçildikdən sonra ilk çıxışında demişdi ki, “Amerika dünyaya qayıdır”. Nəticə çıxır ki, ABŞ köhnə taktikasını təkrarlayacaq, dünyaya yenidən “demokratiya ixrac" etməklə qlobal proseslərə təsir göstərməyə çalışacaq, “demokratiya” anlayışından başqa dövlətlərə təzyiq etmək üçün alət kimi faydalanmaqda davam edəcək. O, Liviyanı, Suriyanı, Yəməni, Yaxın Şərqin digər müsəlman ölkələrini məhz bu "demokratiya silahı” ilə dağıtdı. İndi isə bölüb parçaladığı, dağıdıb viran qoyduğu, bir sözlə, idarəolunan hala gətirdiyi dövlətləri, o cümlədən İraqı “Demokratiya sammiti”nə dəvət edir (https://aktual.az/azerbaycani-demokratiya-sammitine-devet-etmeyenler-cemil-hesenli-ermeniler-kimi-sevinir/ ).

Müşahidələr göstərir ki, bənzər proqramlar ABŞ tərəfindən dəfələrlə icra edilib, dünyanın müxtəlif qütblərində sınaqdan çıxarılıb. Vaşinqton II Dünya Müharibəsindən ötən 80 il müddətində Avropa məkanını, nüfuz dairəsində olan digər region və dövlətləri bu üsullarla nəzarətdə saxlayıb. “Demokratiya samiti”nə dəvət almış ölkələrin siyahısına baxanda aydın görünür ki, burada demokratik inkişaf yolu tutanların, korrupsiyaya qarşı effektiv mübarizə aparanların deyil, “ABŞ maraqlarına boyun əyənlər”in iştirakına önəm verilib.

ABŞ-ın Azərbaycana, Türkiyəyə, ümumilkdə Türk Dövlətlər Təşkilatının üzvlərinə qarşı münasibəti də eyni kontekstdəndir. Türkiyə və Azərbaycanla yanaşı Macarstan da “Demokratiya sammiti”nə dəvət almayıb. Bunu ABŞ-ın Türkiyə və Azərbaycanın müstəqil siyasətinə reaksiyası kimi də qəbul etmək olar. Strateji mövqeyi imkan verir ki, ölkəmiz dünyada formalaşmış yeni güc formatlarından hər biri ilə əməkdaşlıq etsin, öz maraqlarını o müstəvidə reallaşdırsın. Bu kotekstdə Azərbaycan müstəqil siyasət qurur, marağına uyğun hərəkət istiqamətlərini müəyyənləşdirir və qarşılıq olaraq, “təkqütblü düzən qurmaq istəyənlər” tərəfindən təhdidlərə məruz qalır.

ABŞ öz təhdidlərini gerçəkləşdirmək üçün geniş istifadə olunan bütöv bir mexanizm yaradıb. Hədəfində olan ölkələrdə maraqları təhlükəyə düşərsə, rəsmi Vaşinqton təsirində olan “beynəlxalq QHT-lər”in, “donor institutların”, “dövlətlərarası təşkilatların”, həmçinin, “5-ci kolon” təmsilçilərinin aktivliyi yaranır, sinxron canlanma başlayır, hədəf ölkəni əzmək üçün hər cür vasitədən istifadə edilir. Bu baxımdan son iki ay ərzində OCCPR/İCİJ adından hazırlanmış “Pandora sənədləri” hesabatının ortaya çıxması, orada Azərbaycanın adının qabardılması, ardınca Co Baydenin virtual “Demokratiya sammiti”nin elan edilməsi, ölkəmizin dəvətlilər siyahısından kənar tutulması vahid məqsəd daşıyan, koordinasiya olunan prosesdir. Bu prosesin fonunda beynəlxalq “erməni şəbəkəsi”nin aktivləşdirilməsi, Böyük Britaniya Parlamentində qondarma “erməni soyqırımı” üzrə dinləmələrin başladılması, Azərbaycanın “radikal müxalifət” təmsilçilərinin London küçələrində dolaşıb hər iki kampaniyaya dəstək verməsi ssenariləşdirilmiş hərəkət təsiri bağışlayır (https://musavat.com/news/londonda-azerbaycan-ve-turkiye-eleyhine-isleyen-sebekeni-kim-herekete-getirir_843528.html ).

Son iki ay müddətində ayrı-ayrı səhnəciklər kimi təqdim edilən bu hadisələr əslində, vahid süjet xətti üzrə hazırlanan tamaşanı xatırladır. Səhnədə drijor çubuğu görünür, hər kəs işarəyə uyğun performanslar edir. Zahirdə görünməyən, diqqətdən yayındırılan məqam isə ssenari müəllifinin adı və hədəfləridir. OCCPR-in (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya araşdırmaları layihəsi), İCİJ –in (Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu ) hesabatları necə hazırlanır və nə üçün indi gündəmə gətirilir? Virtual “Demokratiya sammiti”nin tərkibi hansı meyarlarla formalaşdırılır, skandallı adlar siyahıya niyə düşür? Azərbaycanın “radikal müxalifət” təmsilçilərini Londona kim toplayır? Son iki ay müddətində intensiv şəkildə baş verən bu prosesin arxasında hansı güc mərkəzi dayanır?

OCCPR, İCİJ və “Demokratiya sammiti”ni birləşdirən xətt

“Pandora sənədləri” hesabatı “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi” (OCCPR ) çərçivəsində hazırlanıb. Layihənin özü isə İCİJ ( Beynlxalq Araşdırmaçı Jurnalistlər Şəbəkəsi/Konsorsiumu) tərəfindən icra olunur. 2006-cı ildə qurulan və qalmaqallı hesabatları ilə daim gündəmə gələn İCİJ Azərbaycanda 2018-19-cu illərdə xüsusilə məşhurlaşıb (https://www.linkedin.com/company/the-organized-crime-and-corruption-reporting-project/about/ ). ABŞ və uyğun Qərb mərkəzlərinin siyasi sifarişlərinin icraçılarından olan “Transparency İnternational” həmin il özünün “Korrupsiya indeksi”ni açıqlamış, burada Azərbaycanın adını neqativ pillədə göstərmişdi. 2018-ci il üzrə hazırlanmış bu hesbatda dünyanın 180 ölkəsinin adı yer alıb, Azərbaycanın adı 152-ci pillədə qərarlaşdırılıb. “Transparency İnternational”ın hesabatının qondarma xarakter daşıdığını, siyasi konyekturaya uyğun hazırlandığını ifşa edən nüanslar ortaya çıxdı. Onlardan biri də “Korrupsiya indeksi”ndə Ermənistanın 105-ci yerdə, yəni Azərbaycandan 47 pillə öndə göstərilməsi idi.

“Transparency İnternational” “unutmuşdu” ki, 2018-ci ildə keçmiş prezident Robert Köçəryan başda olmaqla Ermənistanın hakim komandasının çoxsaylı üzvləri, həbsə atılıblar. İttihamlar sırasında əsas yeri isə korrupsiya hallarının baş verməsi tuturdu. Ermənilər özləri “bizdə dövlət başçısı səviyyəsində korrupsiya cinayətləri olub” desələr də, “Transparency İnternational” (Tİ) onları hörmətli pillədə yerləşdirmişdi. Avropa İttifaqı Ermənistanda şəbəkələşmiş korrupsiya var, özü də baş nazirə bağlanır deyir, “Transparency İnternational” isə bunun üstündən sakitcə keçir. Niyə? Çünki ABŞ-ın maraqları belə tələb edir.

2018-ci il hesabatındakı qüsurlar üzə çıxanda, etirazlar güclənəndə “Transparency İnternational” (Tİ) məsuliyyəti üzərindən atdı. Bildirdi ki, 2018-ci il üzrə “Korrupsiya indeksi”ni hazırlayarkən OCCRP-yə istinad edib (http://musavat.com/news/transparency-international-in-hesabati-occrp-denkocurulub_588925.html ). Tİ açıq tekstlə qeyd edirdi ki, 2018-ci il indeksində Azərbaycanın adının geri atılması OCCRP-nin "Azərbaycan landromatı" hesabatına görə olub. İstiqamət üzrə araşdırma aparanda bəlli oldu ki, həqiqətən də Tİ-nin hesabatı simvolik dəyişikliklərlə, demək olar ki, OCCRP-dən köçürmədir. Bu halda OCCRP-nin kimliyini, "Azərbaycan landromatı" hesabatını hansı niyyətlə hazırladığını araşdırmaq zərurəti yaranır. Maraq nədir ki, OCCPR öz hesabatında Ermənistandakı qüsurlara göz yumub, Azərbaycanla bağlı olmayan faktları uydurub, hesabata daxil edib?

Sualı cavablandırmaq asan deyil. Çünki OCCPR də öz növbəsində Tİ kimi iz azdırmaq üçün manevrlər edib. OCCPR hazırladığı hesabatın bir sıra bəndlərini İCİJ-in araşdırmalarına uyğunlaşdırıb. Əslində, OCCRP Beynlxalq Araşdırmaçı Jurnalistlər Şəbəkəsinin (Global İnvestigative Journalism Network/-Consortium) layihəsidir. Bu baxımdan OCCRP-nin kimliyini tapmaq üçün paralel şəkildə GİJN/C-nin kimliyini araşdırmaq lazım gəlir.

GİJN-nin saytında verilən bilgidən bəlli olur ki, proqramın rəsmi qurucusu və maliyyəçisi Açıq Cəmiyyət Fondudur (Open Society Foundations), yəni Soros Fondudur. İkinci maliyyəçi isə USAİD-dir, yəni ABŞ-dır. Bununla yanaşı, ABŞ –a bağlı olan digər çoxsaylı donor institutları da GİJN-in maliyyəçisi qismində çıxış edirlər ( https://www.icij.org/about/our-supporters/ ). Araşdıranda bəlli olur ki, bu donor institutların əksəriyyəti paralel şəkildə həm də OCCPR-nin maliyyəçisi funksiyasını icra edirlər. Siyahıda Bay və Paul Fondu, Katherine Hawkins Fondu, Demokratiya və İnsan Hüquqları üzrə Avropa Aləti, Ford Fondu, Fritta Orda Fondu, Adessium Fondu , Arnold Ventures Franklin Xeyriyyə Fondu, Fritta Orda Fondu, Mayami Fondunda Qeyri-kommersiya Xəbərləri Fondu (NewsMatch), Yaşıl Park Fondu, Hollivud Xarici Mətbuat Assosiasiyası, Heard Fondu, Con və Florens Nyuman Fondu, Jonathan Logan Ailə Fondu və digərləri yer tutur ( https://www.occrp.org/en/aboutus/who-supports-our-work ).

Məsələ ondadır ki, OCCPR və GİJN-lə yanaşı, “Transparency İnternational” təşkilatı da eyni mənbələrdən qidalanır. Tİ mühasibatlığının 2018-ci il üzrə təqdimatından görünür ki, təşkilatın illik büdcəsinin 24 faizi ABŞ hökumətinin maliyyəsindən formalaşır. Amma rəqəmlərin təsnifatından bəlli olur ki, həmin 24 faiz ABŞ-dan yalnız Tİ-nin institutsional xərcləri üçün ayrılan vəsaitdir. İnstitutsional xərclərlə yanaşı Tİ-nin layihələrinin maliyyələşməsinə çəkilən xərclər də ABŞ-a məxsus müxtəlif fondların arasında paylaşdırılıb. Xərcləri müxtəlif qrafalarda yerləşdirilməklə sadəcə iz itirilib. Deyək ki, ABŞ Dövlət Departamentinin Tİ-yə birbaşa ayırdığı yardımla, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) ayırdığı vəsait fərqli qrafalarda təqdim edilir. (https://www.transparency.org/files/content/ouraccountability/2017_TI_FinancialHighlights.pdf ). Hansı ki, bu fondların hər birinin sonda eyni mənbə olduğunu hər kəs bilir. Bu adlar və rəqəmlər ona görə fərqli adlar altında təqdim edilir ki, diqqəti çəkməsinlər. Çünki ayrı-ayrı forndların adı altında ayrılan rəqəmlər birləşdiriləndə çox yüksək göstərici, “Transparency İnternational”ın təməl olaraq hansı mənbədən maliyyələşdiyi, kimin sifarişini yerinə yetirdiyini üzə çıxır. Amma nə qədər iz azdırmağa çalışsalar da, səthi bir araşdırma aparmaqla hər üç təşkilatın- OCCPR, İCİJ, Tİ-nin eyni mənbədən qidalandığını, eyni sifarişləri icra etdiklərini görmək mümkündür. Beləliklə, “Transparency İnternational”ın 2018-ci il üzrə “Korrupsiya indeksi”ndə Azərbaycanı neqativ pillədə göstəmək sifarişini kimdən aldığı üzə çıxır. Ayrı-ayrı təşkilatlar adından, ayrı-ayrı hesabatlar müstəvisində təqdim edilən sənədlərin mahiyyətcə eyni mənbədə hazırlandığı, eyni məzmunu ifadə etdiyi, eyni məqsəd daşıdığı aydınlaşır. Bütün istiqamətlər ABŞ-ın dövlət strukturları və ABŞ donor institutlarının üzərində kəsişir.

ABŞ 2016 /2018-ci il taktikasını təkrarən istifadə edir

“Transparency İnternational”-ın OCCRP/ İCİJ –yə istinad edərək 2018-ci il üzrə “Korrupsiya İndeksi”ni hazırlaması, bunun fonunda Azərbaycana qarşı kampaniya aparılması bu üç təşkilatın təcrübəsində ilk müştərək işi deyil. Onların daha bir ortaq işi 2016-cı ildə icra edilib, TANAP və TAP layihələrinin, “Cənub Qaz Dəhlizi”nin reallaşdırılmasına qarşı olub. Azərbaycanın həmin layihələri gerçəkləşdirməsindən rahatsız olanlar sırasında “Corc Soros imperiyası” və onunla əməkdaşlıq edənlər də vardı. Həmən dövrdə bu şəbəkə Azərbaycanın “Cənub Qaz Dəhlizi”nin reallaşdırılmasının qarşısını almaq üçün ölkəmizi beynəlxalq kredit təşkilatları ilə üz-üzə qoymağa çalışdılar. Həmin vaxt OCCRP ilə “Transparency İnternational” üzərindən qurulan kampaniyanın hədəfi bu idi ki, Azərbaycanla MSŞT (Mədən Sənayesində Şəffaflıq Təşkilatı) arasında münasibət gərginləşsin, beynəlxalq kredit təşkilatları Azərbaycana kredit verməkdən imtina etsin, Azərbaycanın “Cənub Qaz Dəhlizi”ni reallaşdırması imkansız olsun. İş o qədər gərginləşdi ki, Azərbaycan MSŞT-də üzvlükdən imtina etdi. Buna rəğmən, Azərbaycan təzyiqlərə ləyaqətlə dözdü, öz layihəsini gerçəkləşdirdi.

Prosesdə diqqət çəkən əsas məqam bu oldu ki, Soros şəbəkəsinin marağına uyğun olan və Azərbaycana təzyiq məqsədi daşıyan kampaniya “Transparency İnternational”, OCCRP/ İCİJ-nin adından aparıldı. Həmçinin, Azərbaycanın radikal müxalifət düşərgəsi prosesə dəstək verdi. Onlar Avropa Şurasına müraciət edərək, “Transparency İnternational”-ın, OCCRP/ İCİJ –nin hesabatlarının ciddiyə alınmasını, Azərbaycan üzrə araşdırmalar aparılmasını tələb etdilər (http://www.amerikaninsesi.org/a/korrupsiya/3687928.html?ltflags=mailer ).

Paralel şəkildə “erməni şəbəkəsi” aktivləşdi və Qərbdə ölkəmizə qarşı başlanan kampaniyaya qoşuldu.

2016 və 2018-ci ilin kampaniyaları simvolik dəyişikliklərlə bu gün-2021-ci ildə təkrar olunur. OCCRP/ İCİJ –nin eyni məzmunlu hesabatı yayılıb, sadəcə, hesabatın adı dəyişdirilib. Mahiyyət isə eynidir, Azərbaycan hədəf seçilib. “Erməni şəbəkəsi” də aktivdir. Dünyanın əsas güc mərkəzlərindən birində- Londonda qondarma “erməni soyqırımı”nın qəbul etdirilməsi üçün aksiyalar keçirir. Azərbaycanın “radikal müxalifət” düşərgəsi də aktivdir, OCCPR-nin layihəsini dəstəkləmək üçün Londona daşınıblar. Məntiq deyir ki, prosesi idarə edənlərin Azərbaycanda yeni hədəfləri, maraqları var. Bu maraqları təmin etmək üçün 2016 və 2018-ci il taktikasından istifadə edirlər: OCCRP/ İCİJ-ni işə qatıblar, “erməni şəbəkə”sini aktivləşdiriblər, can vermək üzrə olan radikal müxalifət təmsilçiləini dirildib səhnəyə gətiriblər. Bu fonda fərqli görünən yalnız bir epizod var: prosesə virtual “Demokratiya sammiti” əlavə edilib. Əvvəlcə OCCRP-nin “Pandora sənədləri” ilə hədəfə gətirilən ölkələr indi digər bir silahla-“Demokratiya sammiti” ilə də vurulurlar.

Müşfiq Ələsgərli

Yeganə Hacıyeva

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR