Nizami Gəncəvi Beynəlxalq Mərkəzi: Azərbaycanın bölgə və dünyada yeri yüksək qiymətləndirilir - TƏHLİL

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi: Azərbaycanın bölgə və dünyada yeri yüksək qiymətləndirilir - TƏHLİL
# 22 may 2021 16:40 (UTC +04:00)

Artıq bir neçə gündür ki, “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı konfransda səsləndirilən fikirlər regional medianın diqqət mərkəzindədir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin müzakirələrində 19 sabiq prezident və 12 sabiq baş nazirin, tanınmış siyasətçilərin, ictimai-siyasi xadimlərin, nüfuzlu ekspert və politoloqların iştirak etməsi, onların Azərbaycan Prezidentinin şəxsiyyətinə, fikirlərinə və rəylərinə böyük hörmətlə yanaşması, Vətən müharibəsində tarixi qələbə münasibətilə təbrik etmələri ölkəmiz tərəfindən həyata keçirilən yeni informasiya strategiyasının nəticəsi kimi başa düşülməlidir.

Etiraf etmək lazımdır ki, Ermənistan dövlətinin zəifləməsində maraqlı olmayan, Qarabağ savaşının Ermənistanın əleyhinə bitməsi ilə barışmaq istəməyən bir çox qüvvələr tərəfindən hazırda Azərbaycana qarşı “müharibə” elan olunub. Cəbhədə hərbçilər arasında hərbi əməliyyatlar bitsə də, indi Azərbaycan və Ermənistan arasında münasibətlər tarixində ən intensiv informasiya savaşının getdiyi faktını inkar etmək olmaz.

Beynəlxalq münasibətlərdə siyasi proseslərin başında insan, lider amilinin əsas olduğunu nəzərə alsaq, hazırda bizim üçün vacib istiqamətlərdən biri dünyanın tanınmış siyasi xadimlərinin bölgədə gedən proseslərlə bağlı Azərbaycanın yanında yer almalarıdır. Nizami Gəncəvi Mərkəzinin platforması da bu istiqamətdə vacib arena idi.

Mayın 20-də Nizami Gəncəvi beynəlxalq platformasında çıxış edən, 2005-2007-ci illərdə ABŞ Milli Təhlükəsizlik Şurasında Cənubi və Mərkəzi Asiya Məsələləri üzrə direktoru David Merkel Azərbaycanla bağlı fikirlərini bildirərkən məşhur amerikalı siyasi strateq Bjezinskinin “Böyük şahmat lövhəsi” kitabına istinad etdi. O qeyd etdi ki, “Sizin (İlham Əliyevin) və Azərbaycanın böyük heyranı olan mərhum Zbiqnev Bzejinski Azərbaycanı böyük şahmat lövhəsində mühüm strateji mərkəz adlandırmışdı və müstəqil Azərbaycanın Xəzər dənizinin enerji resurslarını Qərbə gətirəcəyini demişdi”.

Hazırda ABŞ Administrasiyasının Cənubi Qafqazda müharibədən sonra yaranmış yeni proseslər haqqında baxış bucağının və davranış konsepsiyasının tam formalaşmadığı bir zamanda Merkelin Azərbaycan və ABŞ münasibətləri ilə bağlı Bjezinskinin məşhur Avrasiya strategiyasını xatırlatması olduqca önəmlidir. Yarım əsr ərzində Avrasiya ilə bağlı ABŞ-ın müxtəlif prezidentləri Kissincer və Bjezinski kimi məşhur diplomatların məsləhətlərindən və yanaşmalarından bəhrələnirdilər. Elə bunu nəticəsi idi ki, “Soyuq müharibə” dövründə yuxarıda adı çəkilənlərin qarşıdakı onilliklərə hədəflənən strategiyaları bəhrəsini verdi, nəticədə Ağ ev Kreml üzərində qələbə qazandı. İndiki halda ABŞ-ın bölgə ilə bağlı mühüm hədəflərinin olduğunu nəzərə alsaq, Bayden Administrasiyasının da, digər ABŞ liderləri kimi erməni diasporuna deyil, Bjezinski kimi mütəfəkkirlərə qulaq asmaları yaxşı olardı. Azərbaycanı ABŞ üçün çox vacib strateji tərəfdaş adlandıran yəhudi əsilli diplomat daima Vaşinqtonu regionda məhz Bakının yanında olmağa çağırırdı. 2010-2012-ci illərdə Gürcüstan Baş nazirinin müavini, 2008-ci ildə Gürcüstanın xarici işləri naziri olmuş xanım Eka Tkeşelaşvili isə öz çıxışında Azərbaycanı regionda sülhün və əməkdaşlığın mərkəzində yerləşdiyini qeyd etdi. O bildirdi ki, “Azərbaycan regionda transformasiya xarakterli layihələrdə mərkəz rolunu oynamışdır. Bu, Qafqazın Avropanın ümumi enerji təhlükəsizliyi üzrə önəmli büro ölkəsinə çevrilməsinə, qlobal miqyasda beynəlxalq ticarətin və bağlılığın inkişafına imkan verir”.

Dost Gürcüstan dövlətinin sabiq xarici siyasət idarəsi rəhbərinin Azərbaycanla bağlı dedikləri həqiqətdir. Azərbaycan Gürcüstan da daxil olmaqla 30 il ərzində bütün regional dövlətlərə daim iqtisadi və nəqliyyat layihələri ilə bağlı təkliflər verərək bir çox hallarda regional və qlobal miqyasda olan Şimal-Cənub, Şərq-Qərb, BTQ, BTC, TAP, TANAP və digər bir çox layihələrin təkcə iştirakçısı qismində deyil, təşkilatçısı olmağı bacardı. Məhz Prezident İlham Əliyevin tutduğu prinsipial mövqe sayəsində dünyanın bir çox istiqamətindən gələn bir çox maneələrə, təhdidlərə baxmayaraq, Azərbaycan öz iqtisadi və siyasi gücü, möhkəm iradəsi nəticəsində bu layihələri reallaşdırmağı bacardı.

Təsadüfi deyil ki, Prezident İlham Əliyevin qlobal layihələri reallaşdırılması istiqamətindəki prinsipial mövqeyi xarici siyasətçilər tərəfindən də dəfələrlə qeyd edilib. Mayın 20-də baş tutan beynəlxalq konfransda bu mövzuya toxunan 2002-2004-cü illərdə, həmçinin 2008-2011-ci illərdə İtaliyanın xarici işlər naziri, 2004-2008-ci illərdə Avropa İttifaqının komissarı olmuş cənab Franko Fratti qeyd etdi ki, “Biz birlikdə bir sıra maneələri dəf edəndən sonra İtaliya Trans-Adriatik boru kəmərinin mükəmməl fəaliyyətindən tam məmnundur.

Birlikdə bir sıra maneələrin dəf edilməsindən danışan İtaliyanın sabiq siyasətçisi Azərbaycanla İtaliyadakı bəzi qüvvələrin TAP layihəsinin reallaşdırılması istiqamətində üzləşdiyi süni problemləri çox yaxşı bilir. Bu yaxınlarda istifadəyə verilən TAP kimi Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayan layihənin reallaşmaması üçün İtaliyanın daxilindəki bəzi qüvvələrdən tutmuş bir sıra digər qlobal aktorlara qədər bir çoxları maneələr törətməklə məşğul idilər. Lakin rəsmi Bakının bu istiqamətlərdə apardığı çox çətin və düşünülmüş iş nəticəsində bu gün Azərbaycan maye qazı nəinki İtaliyaya nəql edilir, hətta yaxın perspektivdə bu boru kəməri vasitəsilə bir sıra digər dövlətlər də Xəzərin zəngin enerji yataqlarından bəhrələnə biləcəklər.

1999-2001-ci illərdə İsrailin Baş naziri olmuş Ehud Barak, Latviyanın sabiq Prezidenti Valdis Zatlers, 2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti olmuş Rosen Plevneliyev, 2005-2010-cu illərdə Ukraynanın Prezidenti olmuş Viktor Yuşşenko və digərləri Azərbaycanı qələbə münasibəti ilə təbrik etdilər və bu hadisəni tarixi proses adlandırdılar. Bununla bağlı Ukraynanın keçmiş lideri aşağıdakıları söylədi: “Hörmətli cənab Prezident İlham Heydər oğlu. İlk növbədə, mən Sizi Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ən mühüm məsələlərdən biri olan Dağlıq Qarabağ münaqişəsinin həlli münasibətilə təbrik etmək istəyirəm. Bu, həyata keçirilməsi 30 il çəkən bir arzu idi”.

Bir neçə ay əvvəl Qafqazda 30 il davam edən münaqişədə ədalətin və zərərçəkmiş tərəfin qalib gəlməsi yuxarıda adı çəkilən dövlətlər, ümumilikdə ərazi separatizmlə üzləşən bütün dövlətlər üçün olduqca önəmli hadisə idi. Təsadüfi deyil ki, Azərbaycanın müharibədə qalib gəlməsi və işğal altındakı torpaqları öz gücü hesabına azad etməsindən sonra MDB məkanında bir zamanlar süni şəkildə yaradılmış münaqişə ocaqlarında canlanma hiss olundu. İkinci dünya müharibəsindən sonra formalaşmış Postdam-Yalta beynəlxalq münasibətlər sistemində ilk dəfə idi ki, BMT TŞ-nın daimi üzvlərindən biri deyil, coğrafi cəhətdən kiçik dövlət qalib gəldi. Azərbaycanın bu qələbəsi uzun illərdir, ərazi bütövlüyünün pozulmasından əziyyət çəkən digər dövlətlər və xalqlar üçün örnək oldu.

Ukraynada olduğu kimi, Balkanlarda da uzun müddətdir ki, münaqişələr mövcuddur. Elə bunu nəzərə alan 2001-2002-ci illərdə Bosniya və Herseqovinanın Baş naziri və 2012-2015-ci illərdə xarici işlər naziri olmuş Zlatko Laqumdziyanın Prezident İlham Əliyevdən Qərbi Balkanlara aid düşüncələrini bölüşməyi və Qərbi Balkanların liderlərinə və həmin regionda əsas qlobal iştirakçılara öz məsləhətlərini verməsini xahiş etməsi Azərbaycan Prezidentinin dünya səviyyəli siyasətçi, dünya siyasətində rəyi nəzərə alınan, ona hörmətlə yanaşılan lider olduğunu təsdiq edir.

Zlatko Laqumdziya bildirdi ki, “Cənab Prezident, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsində öz legitim hüququndan çıxış edərək, eləcə də beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə tam uyğun şəkildə Dağlıq Qarabağın qaytarılmasında rəhbərlik keyfiyyətlərinizə görə Sizi təbrik etmək istəyirəm”.

“COVID-19 böhranı zamanı Bosniya və Herseqovinaya verdiyiniz şəxsi və konkret dəstəyə, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qərbi Balkanlarda olması və apardığı fəaliyyətə rəhbərliyiniz və sadiqliyinizə görə Sizə təşəkkürümü və minnətdarlığımı bildirmək istəyirəm”, - deyə o vurğuladı.

Daha sonra qeyd etdi ki, Srebrenitsa və Xocalı kimi dəhşətli hadisələri görmüş insanlar və əsl liderlər hər zaman birgə cəmiyyətlərdə ortaq gələcək kimi dəyərlərə və öhdəliklərə eyni tərzdə önəm verir, bu cür cəmiyyətlərdə fərqli özünəməxsusluq zənginliyimiz kimi götürülür.

2013-2019-cu illərdə Çinin xarici işlər nazirinin müavini olmuş, hazırda Çin Xalq Xarici Əlaqələr İnstitutunun prezidenti Vanq Çao Azərbaycanın Böyük İpək yolu qlobal layihəsinin vacib subyekti olduğunu qeyd etdi. O bildirdi ki, “Çinlə Azərbaycan arasında dostluğun uzun tarixi var və Zati-aliniz Çinlə dostluq münasibətlərinə hər zaman böyük əhəmiyyət verir. Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulan ilk ölkələrdən olub”.

Bir neçə il öncə Prezident İlham Əliyev tərəfindən Böyük İpək Yolunun bərpası ilə bağlı inkişaf strategiyası təqdim edilib ki, bu, infrastruktur, nəqliyyat, energetika və xalqlar arasında mübadilə kimi sahələrdə inkişafı təşviq edəcək. Çinin “Bir kəmər, bir yol” təşəbbüsü də həmin sahələri əhatə edir.

Burada qeyd etmək lazımdır ki, uzun müddətdir, bir çox dövlətlər Asiya və Avropanı birləşdirən ticarət yollarının və iqtisadi layihələrin ərazilərindən keçmələri üçün işlər aparmaqdadırlar. Azərbaycan rəhbərliyinin bu istiqamətdəki effektiv siyasəti nəticəsində uzun illərdən sonra ilk dəfə bir neçə il əvvəl Çin tərəfindən Böyük İpək Yolunun Orta xətt layihəsinə diqqət yetirilməyə başlandı. 2019-cu ilin avqustunda Pekində baş tutan “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda çıxış edən Prezident İlham Əliyev həmin vaxt bir daha bu layihədə maraqlı olan ölkələrin diqqətini Azərbaycan üzərindən keçəcək xəttə yönəltməyi bacardı. Hazırda Azərbaycan Bakı-Tbilisi-Qars dəmiryolu xətti və Bakı ətrafında yerləşən dəniz limanları vasitəsilə Şərqlə Qərb arasında ticarət əlaqələrinə töhfə verməkdədir. Artıq Mərkəzi Asiya dövlətlərinin bir hissəsi də bu yollar vasitəsilə ilə ticarətə başlamışlar. Yaxın gələcəkdə isə, Çinin bu xəttə qoşulması, Zəngəzur dəhlizinin istifadəyə verilməsi Avrasiyanın geoiqtisadi və nəqliyyat layihələrində yeni mərhələnin başlanmasına səbəb ola bilər.

Bundan başqa konfrans zamanı çıxış edənlər Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasi fəlsəfəyə xüsusi rəğbətlərini bildirdilər və Azərbaycanın başçılığı altında regionda sülhün və ədalətin bərpa edilməsini alqışladılar.

Beləliklə, Azərbaycan dövlət başçısı daha bir beynəlxalq platforma çərçivəsində dünya ictimaiyyətinə regionda baş verənlər haqqında obyektiv məlumat verdi və beynəlxalq aləmə Azərbaycanın sülhsevər siyasətini çatdırdı.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR