“Qafqazın Xirosima”sından sülh və sabitlik çağırışları - TƏHLİL

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 01 iyun 2021 12:54 (UTC +04:00)

Otuz illik müstəqillik tarixində bu il ilk dəfə qalib və bütöv Azərbaycan olaraq qeyd olunan 28 May - Respublika gününü ölkə başçısı Prezident İlham Əliyev işğaldan azad edilmiş Ağdam rayonunda qeyd etdi. O Ağdam ki, otuz illik işğal dövründə azğın düşmənin kini, nifrəti və vəhşiliyi nəticəsində nə “ağ”lığından əsər qalmayıb, nə də ki, üzərində bir damı saxlanılıb. Erməni vandallığı və dağıntıları nəticəsində hazırkı əziyyətinə görə əcnəbi qonaqlar tərəfindən belə “Qafqazın Xirosima”sı adlandırılan Ağdam 10 noyabr tarixli Bəyanatın tələblərinə əsasən döyüşsüz və itkisiz azad edilən rayonlarımızdan biridir.

Şübhə yoxdur ki, digər ərazilərimiz kimi, Ağdamı da azadlığına qovuşduran iradə, onu əvvəlki görkəminə də qovuşduracaq. Artıq bu genişmiqyaslı prosesin əsası müzəffər Ali Baş Komandan və qalib Prezident tərəfindən məhz 28 May - Respublika bayramında qoyuldu.

44 günlük müharibədəki böyük qələbədən sonra azad edilmiş Qarabağa və ətraf rayonlara intensiv olaraq səfərlər edən və həmin ərazilərdə “Böyük Qayıdış”ın təməl daşlarını qoyan Prezident İlham Əliyev paralel olaraq ənənəvi ciddi mesajlarını da səsləndirir. Şuşada keçirilən “Xarı bülbül” festivalının ardınca Ağdam səfəri zamanı da dövlət başçısı Azərbaycan üçün müharibənin və münaqişənin geridə qaldığına işarə vurub, region üçün vacib olan sülhə və sabitliyə hazır olduğunu bir daha diqqətə çatdırdı. Ancaq Prezidentin Ağdam səfəri həm də, özünün bir sıra spesifik çalarları ilə digərlərindən fərqlənirdi ki, bunun ən əsası həmin səfərin məhz ümummilli bayramımız olan 28 May tarixinə təsadüf etməsi ilə idi.

Həmişəki ənənəsinə sadiq qalan Prezident İlham Əliyev yenidən əsasının qoyulmasına başlanan Ağdamda çoxsaylı təməlqoyma mərasimləri keçirib. İlk olaraq Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı işlərin davamı olan 44.5 kilometrlik Bərdə-Ağdam avtomobil yolunun təməlqoyma mərasimində iştirak edib. Daha sonra Azərbaycan Prezidenti mənfur düşmən tərəfindən təkcə tikililəri deyil, həm də fauna və florası məhv edilmiş Ağdamda salınacaq 125 hektarlıq böyük meşə-parkında dağdağan ağacları əkib.

Ən önəmli addımlardan biri kimi ölkə rəhbəri “Böyük Qayıdış” prosesində Ağdama qayıdacaq vətəndaşların bir hissəsinin məskunlaşacağı Ağdam şəhərində inşa olunacaq və Azərbaycanın “Azərbaycan inkişaf” şirkəti ilə yanaşı, onun müttəfiqləri olan ABŞ-ın “Gensler” və Türkiyənin “URAL mühəndislik” şirkətlərinin layihələndirilməsində iştirak etdiyi ilk yaşayış binasının təməlini qoyub. Bununla da Prezident İlham Əliyev tarixi Ağdam şəhərinin əsasını yenidən qoyan şəxsiyyət kimi tarixə düşüb.

Bilavasitə Prezident İlham Əliyevin göstərişinə əsasən, işğaldan azad olunmuş ərazilərin müqayisəli üstünlükləri əsasında Cəbrayılda logistika və ticarət mərkəzi, Şuşada mədəniyyət və turizm mərkəzi, Kəlbəcərdə hasilat və turizm mərkəzi olmaqla yaradılması nəzərdə tutulan 4 mərkəzdən biri də Ağdam sənaye mərkəzidir ki, onun əsasını təşkil edən Ağdam sənaye parkının təməli də dövlət başçısının mayın 28-də baş tutmuş səfəri qoyuldu. İlk mərhələdə 330 iş yerinin açılacağı və 33 kiçik istehsal və xidmət müəssisəsinin, iri sənaye və qida sənayesi müəssisələrinin fəaliyyət göstərəcəyi bu mərkəz Ağdamın strateji coğrafi mövqeyinə, digər bölgələrlə qovuşuqda yerləşməsinə, insan resursları potensialına və infrastruktura çıxış imkanlarına görə rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir.

Daha sonra dövlət rəhbəri Azərbaycanın orta əsrlər tarixinə aid böyük şəxsiyyətlərindən olan və Qarabağ xanlığının əsasını qoyan Pənahəli xanın “İmarət” adlanan sarayının qalıqlarına baş çəkdi. Pənahəli xanın, İbrahimxəlil xanın və Mehdiqulu xanın türbələri və Xurşidbanu Natəvanın məzarına baxış keçirdi.

Özünü dünyaya “günahsız” qismində sırımağa çalışan Ermənistanın hərtərəfli soyqırımına məruz qalan Ağdamın tam bərpası və müasir görkəm alması Azərbaycan xalqının və dövlətinin vahid iradə ətrafında birləşməsi nəticəsində yaxın gələcəkdə mütləq reallaşacaq. Ancaq ona yaşadılanların bir daha unudulmaması və əsassız olaraq özlərinə aid olduqlarını iddia etdikləri Azərbaycan torpaqlarına bəslədikləri repressiv münasibətin tarixə həkk olunması məsələsi də diqqətdən qaçmadı. Bu məqsədlə konsepsiyası İtaliya şirkəti tərəfindən hazırlanmış Zəfər və İşğal muzeylər kompleksinin təməli də qoyuldu. Hektarlarla ərazini əhatə edəcək həmin kompleksdə otuz ilə yaxın vəhşi düşmənin tapdağı altında məhbəs həyatı yaşamış Ağdamın yaşadığı hər anla yanaşı, onun da azadlığına səbəb olmuş 44 günlük zəfər müharibəsinin də hər günü yaddaşlara həkk olunacaq. “Qafqazın Xirosiması”nın mövcud vəziyyətinə dair qalıqlar belə Prezidentin göstərişi ilə açıq hava altında qorunub saxlanılacaq.

Dövlət başçısı səfər zamanı Qarabağ bölgəsinin ən qədim məktəbi hesab olunan və 1993-cü ildə erməni işğalı zamanı tamamilə dağıdılan Ağdam şəhər 1 saylı məktəbin yeni binasının da təməlini qoyuldu.

Prezidentin ziyarət etdiyi növbəti məkan heç bir insani və mənəvi dəyərlərə hörmətlə yanaşmayan erməni vandallarının dağıtdığı və özlərinin mahiyyətlərinə uyğun bütün təhqirləri etdikləri Qiyaslı məscidi oldu. Öncə erməniləşdirmə cəhdlərinə məruz qalmış, sonra isə tamamilə dağıdılmış və yandırılmış XVIII əsrə aid olan bu dini abidənin və onunla eyni əsrdə tikilən Şahbulaq qalasının yenidənqurma planlarının müzakirəsi aparıldı.

Dövlət başçısının səfərinin ən mühüm hissələrindən biri erməni işğalından azad edilmiş və işğal zamanı tamamilə dağıdılmış Ağdam şəhərinin baş planının təqdimatı oldu. Prezidentin özünün də vurğuladığı kimi, məhz rəmzi olaraq 28 May - Respublika günündə Ağdam şəhərinin Baş planının elə Ağdamın özündən olan ziyalılar və tanınmış şəxslərlə birlikdə müzakirəsi mühüm məna kəsb edirdi. Prezident İlham Əliyev ata-baba yurdlarına qovuşmaqla ən böyük arzularını reallaşan ağdamlı ziyalılar və tanınmış şəxslərlə fikir mübadiləsi apardı, Ağdam şəhərinin Baş planını onlarla müzakirə etdi, fikirlərini öyrəndi.

Bütün bunlardan sonra müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev ənənəsinə sadiq qalaraq çox ciddi və əhəmiyyətli mesajlarla dolu çıxışını etdi. Bu çıxışında o, həm 44 günlük müharibəyə qədərki keşməkeşli yoldan, həm Vətən müharibəsi günlərində keçilən zəfər yolundan, həm də böyük qələbədən sonra baş verməkdə olan proseslərdən ətraflı bəhs etdi. Azərbaycanın apardığı müharibənin təkcə faşist mahiyyətli Ermənistana qarşı deyil, ümumilikdə faşizmə qarşı olduğunu dedi, əldə olunan qələbəni isə faşizmin aqibətinin ən parlaq göstəricisi kimi qiymətləndirdi. Bir daha əldə olunan qələbədə Azərbaycan əsgər və zabitlərinin misilsiz rolunu vurğulayan Prezident gedən döyüşlərin dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində öyrənildiyini qeyd etsə də, müharibənin bitdiyini bildirdi. İkinci Qarabağ müharibəsinin Azərbaycanın şanlı tarixi olduğunu çatdıran Prezident İlham Əliyev tarixi unutmamaq şərtilə gələcəyə baxılması zərurətindən ətraflı şəkildə bəhs etdi.

44 günlük müharibədə acı məğlubiyyətə uğramış, kapitulyasiyasını rəsmən qəbul etmiş və başı əzilmiş ilan qismində son günlər bəzi təxribat xarakterli addımlara cəhd edən Ermənistan rəhbərliyinə də növbəti xəbərdarlıq edildi. Prezident İlham Əliyev Vətən müharibəsində olduğu kimi, bu gün də Azərbaycanda möhkəm xalq, ordu və dövlət birliyinin olduğunu qeyd etdi və bir daha “dəmir yumruq”la bağlı ciddi mesajını verdi. Ümumilikdə dövlət başçısının fikrilərindən belə nəticə hasil etmək olar ki, sülhə, sabitliyə və mehriban qonşuluğa sadiq olacaq bütün qonşuları kimi, ermənilərin də başına sığal çəkə biləcək o güclü əl, əks təqdirdə istənilən an “dəmir yumruq” missiyasını üzərinə götürməyə hazırdır. Bunun necə olacağı isə qarşı tərəfin davranışlarından asılı olacaq.

Xəyal Bəşirov,

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR