Almaniya Azərbaycana 300 min tibbi maska verib

Almaniya Azərbaycana 300 min tibbi maska verib
# 22 sentyabr 2021 16:38 (UTC +04:00)

Sentyabrın 22-də Almaniya Federativ Respublikası tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinə ianə edilən 300 min tibbi maska Dövlət Gömrük Komitəsinə təhvil verilib.

ÜST-dən APA-ya verilən xəbərə görə, bu yardım Almaniya hökumətinin ÜST vasitəsilə koronavirus (COVID-19) pandemiyasının təsirinə məruz qalmış ölkələr üçün ayırdığı 121 milyon maska tədarükünün tərkib hissəsidir. Sözügedən tibbi ləvazimatdan 926 min ədəd tibbi maska Azərbaycana göndərilib.

Təhvil-təslim mərasimində ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı qeyd edib ki, pandemiya başlayandan COVID-19-a qarşı mübarizədə iştirak edən səhiyyə işçiləri və humanitar təşkilatların, eləcə də hökumət tərəfdaşları və maraqlı tərəflərin təhlükəsizliyinin təmin edilməsi ÜST üçün əsas prioritetə çevrilib. Öz növbəsində, Almaniya hökumətinin yardımı hazırkı şəraitdə ictimai səhiyyə və sosial tədbirləri genişləndirməyə kömək edəcək, səhiyyədə fövqəladə hallara hazırlığın artırılmasında rol oynayacaq.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev qeyd edib ki, pandemiyanın ilk mərhələsində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün operativ tədbirlər görülüb. Pandemiyanın ilk günlərindən ölkənin bütün gömrük-sərhəd buraxılış məntəqələri gücləndirilmiş iş rejiminə keçirilib, hazırda da sanitar-profilaktik və dezinfeksiya tədbirləri xüsusi rejimdə davam etdirilir.

Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq COVID-19 ilə mübarizədə çoxtərəfli əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O deyib ki, Almaniya bəzi dövlətlərin ikitərəfli vədlərindən fərqli olaraq, bu öhdəliyi siyasi şərtlərlə əlaqələndirmir: "Almaniya hökuməti dünyada 100 milyon peyvənd dozasının paylanması daxil olmaqla, 2.2 milyard avro dəyərində töhfə verərək pandemiya ilə mübarizə üzrə qlobal səyləri dəstəkləyir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR