Azərbaycanın Ankaradan gələn səsi - FOTO

Bəxtiyar Nəcəfov

© APA | Bəxtiyar Nəcəfov

# 13 oktyabr 2021 16:06 (UTC +04:00)

“Dostlarım tanışlarım tez-tez sual verirlər niyə Azərbaycan üçün nəsə eləmək istəyirsən? Xaricdə yaşayırsan uğurlu karyeran var, yaxşı həyatın var başını sal işini gör Azərbaycanı düzəltmək sənəmi qalıb? Bunların hamısı doğrudur? ancaq bu, o demək deyil ki, millətimi, vətənimi unutmalıyam. Azərbaycan təhsili üçün nə edə biləcəyimi, Azərbaycan təhsilinə necə töhfə verəcəyim haqqında düşündüm . Düzdür, mən Azərbaycanda yaşamıram, ancaq mənim qohumlarım burada yaşayır və burada təhsil alır. Hər kəs gedib xaricdə yaşaya bilər. Bu o demək deyil ki, vətəni unutmaq lazımdır. Vətən, millət, üçün hər kəs əlindən gələni etməlidir. Bu təkcə mənə yox, xaricdə yaşayan bütün azərbaycanlılara aiddir”.

Bu sözləri OSTİM Texnik Universitetinin “Hibrit və elektrikli taşıtlar” fakültəsinin müəllimi, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Nəcəfov APA-ya açıqlamasında deyib.

B.Nəcəfov xaricdə yaşayan, amma Azərbaycanda tanınmayan professorlardan danışıb: “Xaricdə yaşayan o qədər professorlarımız var ki, vətəndə tanınmır. Türkiyənin Yeditəpə Universitetində çalışan rəssamımız Prof.Dr. Teymur Rzayev dünyaca məşhur olmağına baxmayaraq Azərbaycanda onu tanıyan yoxdur. Dövlət səviyyəsində tanınır, ancaq kütlə tanımır. Bu gün millətimiz hər hansı bir müğənnini tanıyır, blogeri tanıyır, dünyaca məşhur rəssamını, heykəltəraşını tanımır. Qazi Universitetində Prof. Dr. BEYCAN İbrahimoğlu hoca var. Sorğu keçirsək Azərbaycanda bu dəyərli insanları nə qədər insan tanıyar?”

O, Azərbaycandakı təhsil sisteminin vəziyyətindən də bəhs edib: “Düşünürəm ki, yeni təhsil nazirimiz Emin Əmrullayev təhsil üçün çox yeniliklər edəcək. Emin müəllim universitetimizin rektoru Murat Yüleki və məni Bakıda qəbul edəndə onu tanımaq imkanım oldu. Emin müəllimin həyata keçirmək istədiklərini öyrənəndən sonra məndə təhsilimizin çox yaxşı yerlərə gələcəyinə dair ümidim artdı. Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyevlə tanış olma şansım da olub. Bu insan çox müasir düşüncəyə sahibdir. Rektor Azərbaycan Texniki Universitetini dünyanın qabaqcıl universitetləri siyahısına salmaq istəyir. Amma bu o qədər də asan deyil. Əksər müəllimlər sovet təhsili alıb və bu təhsili sistemini əsas götürür. Vilayət müəllim çox tövazökar bir insandır. Vilayət Vəliyevlə tanış olduqdan sonra başa düşdüm ki, bu ölkədə təhsil sistemini dəyişdirmək istəyən insanlar var. Emin Abdullayevin də arzusu təhsil sistemimizin yaxşılaşdırılmasıdır. Təbii ki, bu asan deyil. Bir şeyi sıfırdan yaratmaq daha asandır, nəinki, artıq olan bir şeyi dəyişdirmək. Bir çox universitetlərimizin rəhbərləri yaşlı insanlardır. Hansı universitetə getsəniz, prorektorlar və ya digər vəzifədə olanlar yaşlılardır. Doğrudur, yaşlı insanların təcrübəsinə həmişə ehtiyac var, ancaq gənc insanların yenilikçi fikirlərinə, sistemin dəyişməsinə də ehtiyac var. Bizim universitetlərdəki təhsil sistemi heç bir dünya standartlarına uyğun deyil. Məsəl üçün, Türkiyə Avropa və Amerika təhsil sistemini işlədir, Rusiya öz sistemini yaradıb, onu işlədir. Azərbaycan isə Rusiya və Avropa təhsil sisteminin qarışığını işlədir.

Biz ikili diplom layihəsini İngiltərə ilə həyata keçiririk. Heç bir problem yoxdur. Azərbaycanla da eyni layihəni etmək istəsək də problem yaşayırıq. Çünki bizim universitetlərin proqramı ilə Türkiyə universitetinin proqramları arasında uçurum var. Ən bəsit problemi deyim sizə. Türkiyədə təhsil 5 illikdir, bizdə belə deyil. Məsəl üçün, tələbə bir illik hazırlıq oxuya bilməz. Xarici tələbələr üçün var, ancaq bizim tələbələr üçün yoxdur. Avropada 3 illik təhsil sistemi var, bizdə bu cür sistem yoxdur ki, uyğunlaşdırıb ikili diplom verək. Bu cür problemləri aradan qaldırmaq lazımdır. Əgər öz universitetlərimiz yetərli deyilsə, vətəndaşlarımızın xaricdə təhsil almağını müsbət qarşılamalıyıq. Təbii ki, oxuduqdan sonra geri qayıtmaq şərti ilə, çünki ölkəmizin ali təhsilli gənclərə ehtiyacı var. Burda bir məsələ yanlış anlaşılmasın, ali təhsilli gəncə ehtiyac var ali təhsil diplomuna sahib olan gəncə deyil. Diplom sadəcə kağız parçasıdır. Diploma sahib olmaq ali təhsilli olmaq anlamına gəlmir.

İnsanlarımızda belə bir səhv düşüncə var ki, uşağın attestatında qiymətləri aşağıdırsa, Türkiyədə oxuya bilməyəcək. Düzdür, uşaqlar var ki, oxumaq üçün potensialı yoxdur. Ancaq bəzi uşaqlar da var ki, onların çox yaxşı zehni var, sadəcə müəyyən səbəblərdən oxumadıqları üçün qiymətləri ürək açan deyil. Bu uşaq yaxşı yönləndirilsə, yaxşı mühitə düşsə, yaxşı kadr olmağı üçün çox böyük potensialı yaranar. Tələbə tanıyıram ki, Azərbaycanda oxuya bilməyib, gedib Türkiyədə bakalavr oxuyub, daha sonra Amerikada magistr təhsili alıb. Düşünürəm ki, bizim millətimiz çox ağıllı millətdir. Sadəcə millətə şərait yaratmaq lazımdır. Hər bir şəxs vəzifəyə gələndə vəzifə hüququnu bilməlidir, vəzifə insanlara öz eqolarını təmin etmək üçün yox, vətəndaşlara xidmət etmək üçün verilir. Vəzifənin böyüməsi isə daha çox vətəndaşa xidmət etmək üçündür. Vəzifə xidmətdir, bu qədər bəsitdir.

- Azərbaycanlı tələbələrin OSTİM Texnik Universitetinə marağı necədir?

- Çox yaxşıdır. OSTİM Texnik Universiteti yeni yaranıb, 3 illik bir universitetdir. 2 ildir Azərbaycandan tələbə qəbul edirik, tanıtım çox önəmlidir. Keçən il daha az insanın bu universitetdən xəbəri olduğu üçün az tələbə müraciət etmişdi. Bu il müraciətlər daha çoxdur və növbəti il daha da çox olacağını düşünürəm. OSTİM 60 illik bir keçmişi olan böyük bir sənaye mərkəzidir.

- OSTİM Texnik Universitetini digər universitetlərdən nə fərqləndirir?

- Türkiyədə 220-ə yaxın çox güclü universitet var. Bir çox hallarda bu universitetlərdə təhsili alan və yüksək nəticə göstərən tələbələr OSTİM sənayesində işləməyə gələndə onların oxuduqları ilə buradakı iş prosesi uyğun gəlmir. Sənaye də öz universitetini qurmağı və mütəxəsislərini özü yetişdirməyi düşündü.

Bu ona bənzəyir ki, bütün yol qaydalarını əzbərə bilirsən, ancaq heç vaxt maşın sürməmisən. Bu zaman özünə yaxşı sürücüyəm deyə bilməzsən. Dünyada ilk və tək sənayedir ki, öz universitetini yaradıb. Sistem elə qurulub ki, tələbə oxuduğunu yerində görür, toxunur. Bizim universitet sənaye ərazisinin mərkəzində qurulub. Bu ərazidə 6200 şirkət və 60 000 işçi var. Düşünün tələbə universiteti bitirdikdə artıq həyata hazır olacaq.

Sizə, bütün dünya üçün istehsal edilən elektrikli avtobuslardan, tramvaylardan tutmuş heykəlin belə istehsal olunduğu böyük bir sənaye mərkəzindən bəhs edirəm. Və bu sənaye artıq öz universitetini yaradıb.

- Universitetin təhsil sistemi necədir?

- Bu universitetdə dərslər həftənin 4 günü universitetdə, 1 günü isə təcrübə üçün sənayedə keçirilir. Bu zaman tələbəyə oxuduğunu həm də praktikada görmək şansı yaranır.

- Universitet tələbələrə təcrübə ilə yanaşı iş imkanı yaradırmı?

- Əgər tələbə staj müddətini yaxşı tamamlasa, universitet tələbəyə iş imkanı yaradır. Ancaq belə bir məsələ var, tələbənin özündən də çox şey asılıdır. Məsəl üçün, mən öz ofisimə 5 tələbəni təcrübəçi kimi işə götürmüşdüm. Onlardan bəziləri çox həvəssiz idi. Staj müddəti bitdikdən sonra onlardan 3-ü getdi, 2-i isə hələ də bizimlə işləyir.

Türkiyədə oxumaq şansı olmayan tələbələr üçün Azərbaycan Texnik Universiteti, Bakı Dövlət Universiteti və bir çox universitetlə əməkdaşlıq edirik. İstəyirik ki, Azərbaycan universitetləri üçüncü nəsil universitetlər sırasına qoşulsun.

Bizim tələbələr həm Almaniya, həm də İngiltərə diplomu əldə etsinlər deyə artıq İngiltərə və Almaniyada da universitet qurmağı düşünürük.

Azərbaycanda və Türkiyə arasında, Ostimlə ünsiyyət çox yaxşıdır. Gələcəkdə Azərbaycanda da bu sahədə universiteti qurula bilər. Dövlət də, rəhbərlər də bu işdə maraqlı olsalar, təbii ki, növbəti illərdə Azərbaycanda da bu cür universitetlər qurmaq olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR