Baş nefroloq: “Azərbaycanda hemodializ xəstələri arasında illik ölüm 21 faizə yaxındır” – MÜSAHİBƏ - VİDEO

Səhiyyə Nazirliyinin Baş nefroloqu Fariz Babayev

© APA | Səhiyyə Nazirliyinin Baş nefroloqu Fariz Babayev

# 27 avqust 2021 12:35 (UTC +04:00)

Səhiyyə Nazirliyinin Baş nefroloqu, Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının Hemodializ şöbəsinin müdiri Fariz Babayevin APA-ya müsahibəsi

- Azərbaycanda son illərdə tibbin ən inkişaf etmiş sahələrindən biri də urologiya, nefrologiyadır. Bu sahələrdə ən müasir texnologiyalardan istifadə olunmaqla müayinə və müalicə aparılsa, əməliyyatlar icra olunsa da, nöqsanlar da var. Vaxtaşırı mediada, sosial şəbəkələrdə narazılıqlara da rast gəlinir. Sizin bunlara münasibətiniz necədir?

- Azərbaycan uro-nefrologiyasının çox böyük tarixi var. Bu tarix akademik M. Mirqasımov və sonradan akademik M. Cavadzadənin adı ilə bağlıdır. 1969-cu ildə keçmiş ittifaqda ilk dəfə hazırkı Cavadzadə adına klinika ilk ixtisaslaşmış uroloji xəstəxana idi. 1970-ci ildə böyrək köçürülməsi yalnız Moskva şəhərində aparılmışdı. 1971-ci ildə isə bu əməliyyat ikinci ölkə olaraq Azərbaycanda Cavadzadənin rəhbərliyi ilə Bakı şəhərində aparıldı. Uzun illər ərzində Azərbaycan aparıcı elmi mütəxəssislər yetişdirdi. Bununla böyük məktəb yarandı. Azərbaycanda bu gün çalışan uro-nefroloqların 90 faizi bu məktəbin yetirmələridir. Son zamanlar Azərbaycan təhsilində olan inteqrasiya işləri, Türkiyə və Avropa ölkələrində tələbələrin təhsilini artırmaq və orada təhsil imkanının yaranması daha müasir uroloji və nefroloji müalicə metodlarının da ölkəyə gətirilməsinə şərait yaradıb. Bu sahədə uzun illər Səhiyyə Nazirliyi, indi isə TƏBİB böyük işlər görür. Yeni kadrların klinikalara cəlb olunması, urologiyanın aparıcı sahələri ilə daha intensiv və elmi baxımdan məşğul olma imkanları yaranır. Müəyyən çatışmazlıqlar həmişə olub, indiki dövrdə də var. Amma həkim olaraq çalışırıq ki, bu sahələrdə baş verən narazılıqların qarşısını vaxtında alaq.

Bu sahə daim dövlətin nəzarətində olub. 2003-cü ildən Azərbaycanda hemodializ xəstələrinin sayının getdikcə artdığını nəzərə alaraq 2006-cı ildə Nazirlər Kabineti tərəfindən “Xroniki böyrək çatışmazlığı” haqqında Dövlət Proqramı qəbul olundu. Bu proqram bu günə kimi öz fəaliyyətini davam etdirir. Proqramdan irəli gələn tədbirlər nəticəsində Azərbaycanda 2003-cü ildə cəmi 2 dializ mərkəzi var idisə, indi bu say 43-dür. 1996-cı ildə 84 hemodializ xəstəsi var idisə, bu gün 3 692 hemodializ xəstəsi var. Bunlar hamısı tam dövlət hesabına dializlə təmin olunurlar. Bildiyiniz kimi, dializ müalicəsi daimidir və müddəti yoxdur. Bütün dövr ərzində xəstələr həm müalicəni, həm dərman təminatını dövlət hesabına alırlar. Hər il yeni mərkəzlərin açılması planlaşdırılır və həyata keçirilir. Əsası Cavadzadə tərəfindən 1971-ci ildə qoyulmuş böyrək transplantasiyası 2008-ci ildən Azərbaycanda yeni mərhələdə öz inkişafını tapıb. 10 ildə 800-dən artıq böyrək və qaraciyər köçürmə əməliyyatları həyata keçirilib. 2022-ci il yanvarın 1-dən Azərbaycanda meyitdən orqanların köçürülməsinə də start veriləcək. Bunlar hamısı bu sahədə yeni işlərin görülməsinə böyük imkanlar yaradır. İctimaiyyət arasında müəyyən narazılıqlar ola bilər. Burada subyektiv səbəblər də var. Bəzən mətbuat orqanlarında, televiziyalarda qeyri-peşəkar, gənc mütəxəssislərin müsahibə və məlumatları insanlarda çaşqınlıq yarada bilir. Çox az təcrübəsi olan insanlar artıq urologiyada, nefrologiyada hansısa naliyyətlərin əldə olunmasını insanlara təlqin etməyə çalışırlar. Uzun illər bu sahədə olanlar üçün belə yanlış məlumatların əhaliyə çatdırılması bizi narahat edir. İnsanlar sosial şəbəkələrə daha çox üstünlük verirlər. Ona görə də belə şəxslərin çıxışı üçün müəyyən baryer, məsləhətləşmələr olmalıdır. Demirəm ki, qadağa qoyulmalıdır, əksinə, cavanlar da öz sözlərini deməlidirlər. Amma heç olmasa bu sahədə böyük təcrübəsi olan həkim, alimlərlə məsləhətləşib, bu məlumatları yaysınlar. Çünki bu məlumatlar insanları çaşdıra və müəyyən narazılıqlara səbəb ola bilir.

- Sizcə, bu sahələrdə ən çox hansı nöqsanlara rast gəlinir? Əsas həkim səhvləri nələrdir?

- Xəstələrin həkimlərə vaxtında müraciət etməməsi, ola bilsin ki, rayonlarda insanların sosial durumu ilə bağlı mərkəzlərə gələ bilməməsi, hansısa müayinələrin tam yerinə yetirilməməsi və ya yerli həkimlərin çox da peşəkar olmayan səviyyədə xəstələrə müəyyən məsləhət verməsi, müalicə etməsi xəstəliyin sonradan kəskinləşməsinə və müəyyən fəsadların baş verməsinə, sonra həmin xəstənin ağır vəziyyətdə mərkəzi klinikalara gətirilməsinə səbəb ola bilir. Xəstəliyin müalicəsi gecikirsə, sonradan müalicə tam effektiv ola bilmir və müəyyən çətinliklər yaranır.

- Böyrək transplantasiya əməliyyatları neçə xəstəxanada icra olunur? Bu əməliyyatlar icra olunan mərkəzlərə ümumi nəzarət varmı? Vaxtilə bu sahədə mövcud olan neqativ hallar tam aradan qaldırılıbmı?

- Ümumilikdə Azərbaycanda orqan transplantasiyası mərkəzi 13-dür. Bu mərkəzlər Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Bu mərkəzlərə rəhbərliyi həm Səhiyyə Nazirliyi, həm TƏBİB, həm də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yerinə yetirir. Qaraciyər və böyrək aktiv köçürülən mərkəzlərin sayı isə 7-dir.

- Sizcə, meyitdən orqan köçürülməsinə başlandıqdan sonra vəziyyət necə olacaq?

- Meyitdən orqan köçürülməsi ilə bağlı dünyanın, həmçinin qardaş ölkə Türkiyənin təcrübəsini öyrənmişik. 2005-ci ildən bu sahədə yazışmalar gedib, bizim səfərlərimiz, orada olan həkimlərin Azərbaycana səfərləri olub.

Dünyanın hər yerində birinci növbədə orqan nəqli əməliyyatları, canlı qohum insanlardan aparılır, bunun effektivliyi görüləndən sonra meyit orqanlarının köçürülməsinə razılıq verilib.

Burada çox etik və sosial problemlər var. Nəinki tibbi, həm də hüquqi baxımdan müəyyən məsələlər həll olunmalıdır. Bu da orqan satışının qarşısını almaq üçün görüləcək tədbirlərdir. Azərbaycan İslam dövləti olduğuna görə Türkiyənin təcrübəsi daha önəmlidir. 2016-cı ildə Dünya Transplantasiya Cəmiyyətinin Azərbaycanda böyük konqresi keçirildi. Burada din xadimləri də iştirak etdilər. Orada “Quran”dan misallar çəkildi ki, insan öz orqanı ilə kimisə yaşada bilirsə, bu yaxşıdır. Bu məsələlər qısa və rahat həll olunan məsələlər deyil. Burada ciddi subyektiv fikirlər, insanların baxış məsələsi var. Düşünürəm ki, təbliğat düzgün aparılsa, bu işlər həllini tapacaq. Məsələn, 2010-cu ildə Türkiyədə Transplantasiya mərkəzində gecə saatlarında böyrək köçürüldüyü zaman yeni bir böyrəyin olduğunu dedilər. 18 yaşında bir qız avtoqəzada dünyasını dəyişmişdi. Həmin qızın atası ilə söhbət etdim. Atası gözüyaşlı dedi ki, qızım 18 yaşında dünyasını dəyişib, amma iki gözü, qaraciyəri, dalağı, ağciyər, ürək və böyrəkləri salamatdır. Hamısını yazılı izahat verərək kimə ehtiyac varsa, köçürülməsinə razılıq verirəm.

Bu insanın məsələyə mütəfəkkir və dolğun baxışından söhbət gedir. Bizdə də məsələnin olduğu kimi insanlara izah olunması müəyyən müddət sonra həllinə şərait yaradacaq.

Meyitdən orqan köçürülməsi zamanı müəyyən proseslər var. 48-72 saat ərzində bunlar həll olunmalıdır. Orqan müəyyən məhlullarda saxlanılıb sonra köçürülə bilər. Beyin ölümü anı qeyd olunan zamandan orqanı götürən həkim briqadası öz işi ilə məşğul olmalı, orqan saxlanması və hansı mərkəzdə tələbat varsa, ora göndərilməsi, həmin xəstənin eyni vaxtda mərkəzdə olması - hamısı operativ qaydada həll olunmalıdır. İlk növbədə orqan bankı yaradılacaq. Orada çalışan həkimlər də bu işlərlə məşğul olacaq və mərkəzlər arasında elə bir əlaqə yaradılacaq ki, bütün məsələlər mərkəzləşmiş şəkildə həll olunacaq.

- “Xroniki böyrək çatışmazlığı” ilə bağlı yeni dövlət proqramı 2020-ci ildə yekunlaşıb, yeni proqram hazırlanırmı, burada hansısa yeniliklər olacaqmı?

- “Xroniki böyrək çatışmalığı” ilə bağlı sonuncu dövlət proqram 2016-2020-ci illəri əhatə edirdi. 2021-ci ildə pandemiya ilə bağlı dövlət proqramının Səhiyyə Nazirliyi tərəfindən uzadılması məsələsi qarşıda dayandı. Çünki bu xəstəliyin təminatı çox böyük maliyyə vəsaiti tələb edir. İndi icbari tibbi sığortanın da tətbiq olunması müəyyən maliyyə dəstəyinə bağlanır. Ona görə də bu proqram hələ ki, uzadılıb.

- Azərbaycanda böyrək xəstəlikləri ilə bağlı vəziyyət necədir? Hazırda ölkədə ümumilikdə neçə dializ xəstəsi var?

- Azərbaycanda 1 milyon əhaliyə təxminən 250-450 böyrək xəstəsi düşür. Bu şəxslər də vaxtında həkimə müraciət etməklə öz xəstəliklərinin qarşısını ala bilərlər. Xroniki xəstələr mütəmadi həkim nəzarəti altında qalırlar. Amma dünyanın hər yerində olduğu kimi, Azərbaycanda xroniki böyrək xəstələrinin təxminən 30-50 faizində xroniki böyrək çatışmazlığı yaranmağa başlayır. Bu xəstələrdə qanda azot maddəsinin qalxması onların hemodializ müalicəsinə ehtiyacını yaradır.

- Nə qədər insan hemodializlə müalicə alır və onlar arasında neçə azyaşlı var?

- Bu gün Azərbaycanda olan 3 682 hemodializ xəstəsi var. Hemodializ alan 15 yaşa qədər olan uşaqların sayı isə 6-dır. Xəstələrin 53 faizi kişilər, 46 faiz iisə qadınlardır. Təəssüf doğuran odur ki, bu gün Azərbaycanda hemodializ xəstələrinin orta yaş dövrü 35-60 yaş arasındadır, yəni onların daha işlək, aktiv dövrünə düşür. Amma son 10 ilin araşdırmalarına görə, bu yaş həddi getdikcə artır. Bu, bir tərəfdən yaxşıdır ki, insanlar daha tez həkimə müraciət edib xəstəliyin qarşısını almaqla mübarizə aparırlar.

- Azərbaycanda hazırda böyrək çatışmazlığı ən çox hansı səbəblərdən yaranır, ilk yerdə duran səbəb hansıdır?

- Xroniki böyrək çatışmazlığının yaranmasının səbəbləri müxtəlifdir. Anadangəlmə böyrək qüsurları, böyrəklərin iltihabi xəstəlikləri, immun xəstəlikləri, hər hansı maddələrlə zəhərlənmələr, anadangəlmə uroloji patologiya, böyrək daşı xəstəliyinin uzun müddət müalicəsinin düzgün olmaması böyrək çatışmazlığına səbəb ola bilir. Ona görə hər hansı böyrək xəstəliyi aşkar olunan insan, hətta böyrək çatışmazlığı olmasa belə, heç olmasa ildə 2 dəfə yoxlanılsın, böyrək çatışmazlığının yaranmasının ilk dövründə qarşısı alına bilsin.

- Hər il Azərbaycanda böyrək çatışmazlığından neçə nəfər ölür? Ölüm halları əsasən kişi, yoxsa qadınlar arasında olur?

- Dünyada hemodializ xəstələri arasında illik ölüm 18-23 faizdir. Azərbaycanda bu göstərici 21 faizə yaxındır. İl ərzində təxminən 750-800 xəstəni itiririk. Bunlar uzun müddət dializ alan xəstələrdir.

- Son illərdə xəstələrə böyrək köçürülməsi artıbmı, ildə neçə belə əməliyyat həyata keçirilir və həmin xəstələrin neçə faizi həyatını itirir?

- Azərbaycanda il ərzində 72-89 böyrək əməliyyatları aparılırdı. Pandemiyadan əvvəlki ildə 56 nəfərə böyrək köçürüldü. Amma son iki ilə yaxın pandemiya ilə bağlı dünyanın hər yerində dövlət klinikalarında transplantasiya əməliyyatları azaldılıb. Ona görə bu say indi nisbətən azdır. İl ərzində 14-18 xəstəyə böyrək köçürülür.

- Pandemiya dövründə müxtəlif xəstəliklər, həmçinin böyrək xəstələrinin qidalanması, peyvənd vurdurması, xəstəliyi necə keçirməsi ilə müxtəlif fikirlərə rast gəlirik. Belə müxtəlif fikirlərin yaranma səbəbi nədir?

- İnsan faktoru olan yerdə həmişə subyektivizm var. Hər kəs hansısa mənbədən aldığı məlumatı öz məlumatı kimi insanlara çatdıra bilir. Qəbul olunmuş bir şey var ki, hər bir böyrək xəstəsi olan şəxs xəstəliyin nədən yaranması, hansı xəstəlik olmasından asılı olmayaraq gündəlik həyat rejimi və pəhrizini nizamlamalıdır. Bunun üçün ayrı-ayrı şəxslərin dediyi pəhriz rejimlərinin heç bir əhəmiyyəti yoxdur. Qəbul olunmuş normativlər var, bunlar da əlçatan səviyyədədir.

Bir şeyi demək istərdim. Pandemiya Azərbaycanda başlayan dövrdən Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən operativ işlər görüldü. İlk növbədə koronavirusa yoluxmuş hemodializli xəstələr üçün 3 mərkəz yaradıldı. 3 mərkəzdəki dializ şöbələri bağlandı və COVID aşkarlanmış hemodializ xəstələrinə xidmət etməyə başlanıldı. Buna görə də Azərbaycanda dializ xəstələri arasında COVID-in inkişaf etməsinin qarşısı alındı. Hətta bu xəstələrin mərkəzə aparılıb, gətirilməsi üçün xüsusi maşınlar da ayrıldı. Bu işlərin vaxtında görülməsi bizim xəstələrimiz üçün çox böyük problemləri həll etmiş oldu. Böyrək xəstəliyindən əziyyət çəkən hər bir insanı, digər yanaşı xəstəlikləri yoxdursa, vaxtında vaksinasiyaya dəvət edirəm. Çünki, bu, onları baş verə biləcək çox ağır fəsadlardan qoruyacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR