COVID pasportu olmayan 47 minə yaxın şəxsin toylara gəldiyi məlum olub

COVID pasportu olmayan 47 minə yaxın şəxsin toylara gəldiyi məlum olub
# 20 avqust 2021 11:35 (UTC +04:00)

Toy, nişan, ad günü mərasimləri ilə bağlı monitorinqlər bu gün də davam etdirilir.

APA-nın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev deyib.

O bildirib ki, iyul ayının 1-dən bu günə qədər monitorinq qrupları tərəfindən 4865 toy şənliyinin monitorinqi həyata keçirilib.

“Vəziyyət ürəkaçan olmadı. Vətəndaşlar bu qaydalara etinasız yanaşır. 2366 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub, 27 nəfərlə bağlı materiallar məhkəməyə göndərilib. Xüsusilə bir məsələyə diqqət çəkməliyəm. Belə ki, monitorinq aparılan toy mərasimlərində 46 899 nəfərin COVID pasportu olmadan şənliklərə gəldiyi məlum olub. Onların içərisində aktiv koronavirus xəstələri və potensial virus daşıyıcıları olub. Vəziyyətin necə ağır olması rəqəmlərdən belə görünür. Növbəti tədris ili başlayandan sonra monitorinq qruplarına Təhsil Nazirliyinin nümayəndələri də dəvət olunacaq. Bütün iri ticarət mərkəzlərinin qarşısına polis qoyulması nəzərdə tutulmur. Burada beynəlxalq təcrübə əsas götürüləcək. Bu iş həmin obyektlərin sahiblərinə həvalə olunacaq. Monitorinq qrupları isə həmin ünvanlarda qəfil yoxlamalar həyata keçirəcək. Bu zaman həmin ticarət mərkəzində COVID pasportu olmadan daxil olan şəxs müəyyən edilərsə, məsuliyyət obyekt rəhbərinin üzərinə düşəcək”, - deyə DİN rəsmisi vurğulayıb.

E. Hacıyev qeyd edib ki, epidemiya əleyhinə rejimin sanitar-gigiyena, karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər isə 4000 manatdan 5000 manatadək cərimə olunacaq: “İşin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 1 aylıq həbs tədbiri, eləcə də hüquqi şəxslərin 5 min manatdan 11 min manatadək cərimə edilməsi nəzərdə tutulub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR