Deputat: “Füzulidəki quruculuq işləri Azərbaycanın qüdrətli dövlət olduğunu sübut etdi”

Vüqar İskəndərov, Milli Məclisin deputatı

© APA | Vüqar İskəndərov, Milli Məclisin deputatı

# 18 oktyabr 2021 17:46 (UTC +04:00)

"Füzuli rayonunda aparılan quruculuq işləri bir daha Azərbaycanın qüdrətli bir dövlət olduğunu dünyaya sübut etdi. Çünki qısa müddət ərzində viran qoyulmuş bir yeri bu qədər abadlaşdırmaq ancaq Azərbaycan kimi qüdrətli bir dövlətin bacaracağı bir iş olardı”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
V. İskəndərov bildirib ki, Füzuli şəhərinin işğaldan azad edilməsinin ildönümündə - noyabrın 17-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuliyə səfər edib, dövlət başçısı Füzuli-Ağdam avtomobil yolunun, işğal zamanı dağıdılmış Füzuli rayonunun Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməllərini qoyub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar. Dövlət başçısı “Azərişıq” ASC-nin Füzuli şəhərində Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin təməlini qoyub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Mərkəzi Şəhər parkında yaradılacaq şəraitlə də tanış olublar, burada ağac əkiblər, dövlət başçısı ilk yaşayış binalarının təməlini qoyub. Daha sonra dövlət başçısı Füzuli Memorial Kompleksinin və Füzuli şəhərinin təməl daşını qoyub: “Ötən il rəşadətli ordumuz Füzulini işğaldan azad edəndə bu rayonun vəziyyəti göz önündə idi. Dövlət başçısının dediyi kimi, Füzuli elə bir vəziyyətdə idi ki, bayraq asmağa bir bina belə qalmamışdı. Ancaq bu gün bu yerlərdə sanki möcüzələr baş verir. Bir il başa çatmamış Füzulidə beynəlxalq hava limanının istifadəyə verilməsi, müxtəlif strateji obyektlərin açılışı və təməlqoyma mərasimi bir daha dünyaya bizim gücümüzün nümayişidir. Çünki həm müharibə edən, həm pandemiyaya ilə mübarizə aparan dövlət bir ilin içində sıfırdan bir bölgə qurur. Buna əlbəttə ki, böyük iqtisadi potensial lazımdır. Bunu da güclü Azərbaycan heç bir ölkədən asılı olmadan özü reallaşdırır”.
Deputat qeyd edib ki, Prezident İlham Əliyev çıxışında hazırkı dövrə kimi Füzuli rayonunun işğal altında olmayan hissəsinin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər barədə konkret nümunələr əsasında məlumat verdi: “Dövlət başçısı görülən işlərin təqdim edilməsində yerli sakinlərin rəylərinin öyrənilməsinin vacibliyindən bəhs etdi. Füzuli rayonunda bərpa və yenidənqurma işlərinin aparılmasında qarşıya çıxan təbii çətinliklər məlumdur. Digər tərəfdən, Füzul bu gün ən çox minalanmış ərazilərdən biridir. Prezident İlham Əliyevin də dediyi kimi vəhşi düşmən orada bir dənə salamat bina saxlamayıb. Orada olan infrastruktur tamamilə dağıdılıb. Buna baxmayaraq, artıq şəhərin baş planı və kəndlərin inkişaf konsepsiyası hazırlanıb və bərpa prosesinə start verilib. İlk infrastruktur layihələrinə məhz Füzulidə başlanıb”.
Deputat nəzərə çatdırıb ki, “Ağıllı kənd” konsepsiyası əsasında Dövlətyarlı kəndində yaradılacaq böyük yaşayış məntəqəsinin əsasının qoyulub: “Bu layihə beş kəndi birləşdirəcək. Bu konsepsiya çərçivəsində ümumilikdə 750 evin tikintisinin nəzərdə tutulur. Ən geci gələn ilin sonuna kimi bu layihə məcburi köçkünlərin istifadəsinə veriləcək və Füzulidən olan məcburi köçkünlər öz dədə-baba torpağına qayıdacaq. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. Bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi pandemiya dövrünün yaratdığı iqtisadi çətinliklər fonunda aparılır. Azərbaycan dövləti bütün məsələləri öz gücünə həll edir. Ən müasir texnologiyaların əsasında olduqca qısa zamanda genişmiqyaslı bərpa və yenidənqurma tədbirləri həyata keçirilir. Bu da Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti, Azərbaycan dövlətinin gücü və qüdrəti hesabına baş verir. Prezident İlham Əliyevin dediyi kimi, Qarabağ və Şərqi Zəngəzur nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR