Deputat: “Qazilərin müalicəsi ən yüksək səviyyədə təşkil olunur”

Deputat: “Qazilərin müalicəsi ən yüksək səviyyədə təşkil olunur”
# 19 noyabr 2021 15:31 (UTC +04:00)

“44 günlük Vətən müharibəsindən sonra Azərbaycan regionda yeni reallıqlar yaratdı. Bu zəfərin əldə olunmasında bizim rəşadətli ordumuzun zabit və əsgərlərinin böyük rolu oldu. Onlar qanları, canları bahasına vuruşdular və torpaqlarımızı düşməndən azad elədilər”.

APA-nın məlumatına görə, bunu millət vəkili Naqif Həmzəyev deyib. Deputat bildirib ki, müharibədən sonra, yəni postmünaqişə dönəmində Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında bir sıra layihələri reallaşdırıb: “Bu gün dövlətimiz zəfərimizlə başa çatan Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsinə xüsusi qayğı və həssaslıqla yanaşır. Hazırda əsas hədəflərdən biri müharibə zamanı şəhid olmuş, yaralanmış qardaşlarımızın sosial təminatlarının yaxşılaşdırılması, onlara dövlət qayğısının daha da artırılması, onların bütün problemlərinin aradan qaldırılmasıdır. Bu sahədə dövlət tərəfindən xüsusi sosial paketlər həyata keçirilir. Şəhid ailələrinin mənzil şəraiti yaxşılaşdırılır, şəhid ailələrinin və qazilərin məşğulluq problemlərinin həll olunmasıyla bağlı xüsusi marafonlar keçirilir. Ümumiyyətlə, bu sahəyə dövlətimiz tərəfindən çox böyük diqqət ayrılmaqdadır. Həmçinin, qazilərimizin müalicəsi, reabilitasiya ilə bağlı da xüsusi proqramlar var və bu proqramlar əsasında da bu kateqoriyaya daxil olan insanların sağlamlığıma qovuşması üçün silsilə işlər həyata keçirilməkdədir. Bəzi qazilərimizin müalicəsi üçün qardaş Türkiyəyə də bu işlər təşkil edilir”.

Parlament üzvü əlavə edib ki, bu işdə Heydər Əliyev Fondunun və YAŞAT Fondunun gördüyü işlər xüsusi qeyd edilməlidir: “Bu fondların birbaşa dəstəyi ilə qazilərimiz xüsusi nəzarətdə saxlanılır. Onlar müasir dövrün tələblərinə cavab verən protezlərlə təmin edilir. Onların ən yüksək səviyyədə müalicəsi təşkil olunur və daim təkrar müayinələrdən keçirilirlər. Qazilərin haqlı şikayətlərinin həllini tapması üçün xüsusi komissiyalar yaradılıb”.

N. Həmzəyev qazilərin sosial təminatının bundan sonra da ən yüksək səviyyədə təmin olunacağını, onların vəziyyətlərinin yaxşılaşdırılması üçün sosial paketlərin davam etdirəcəyini vurğulayıb: “Hesab edirəm ki, cəmiyyət olaraq hər birimiz onların öncül cərgələrdə olmasını təmin etməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR