DİM zal nəzarətçisi sertifikatı almaq istəyənlərin elektron qeydiyyatına başlayır

Dövlət İmtahan Mərkəzi

© APA | Dövlət İmtahan Mərkəzi

# 21 sentyabr 2021 12:19 (UTC +04:00)

2021-ci il oktyabrın 5-dən etibarən zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədilə namizədlərin elektron qeydiyyatı başlayacaq.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən xəbərə görə, sertifikat almaq üçün ali təhsilli, tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq hər hansı bir təşkilatda hazırda işləyən, məhkumluğu olmayan, yaşı 25-45 arasında olan fiziki cəhətdən sağlam Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər. Namizədlər ilk növbədə Dövlət İmtahan Mərkəzinin internet səhifəsinə daxil olub özlərinə “Şəxsi kabinet” açmalı, daha sonra isə verilən link (https://eservices.dim.gov.az/nez_sertifikat/registerlogin.aspx) vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Müsahibə mərhələsində namizədin sənədləri yoxlanılır, eləcə də təhsili, fəaliyyəti, iş təcrübəsi və digər məlumatları dəqiqləşdirilir. Müsahibənin nəticəsi məqbul olduqda namizəd ümumi intellekt səviyyəsinin və psixoloji vəziyyətinin yoxlanılması üçün nəzərdə tutulan məntiq və psixometrik suallardan ibarət test imtahanına dəvət edilir. Test imtahanının vaxtı və yeri ilə bağlı məlumat namizədin elektron poçt ünvanına göndərilir. İntellekt səviyyəsini yoxlayan test imtahanından ən azı 40% nəticə göstərən və psixometrik testin nəticəsi məqbul olan namizədlər növbəti mərhələyə buraxılır və təlimlərə cəlb edilir.

Təlimlər intensiv formada – iki gün ərzində keçirilir. Təlimlərin vaxtı və yeri barədə məlumat qruplar komplektləşdirildikdən sonra namizədin elektron poçt ünvanına göndərilir. Namizəd təlimləri uğurla başa vurduqdan sonra imtahanların texnologiyası və prosedur qaydalarına dair test imtahanına dəvət olunur. Bu imtahandan da müvafiq nəticə əldə edənlər Dövlət İmtahan Mərkəzinin elektron nəzarətçilər bazasına daxil edilir.

İmtahanlara təyinat zamanı fəaliyyəti sertifikatlaşdırılmış zal nəzarətçilərinə üstünlük verilir.

Qeyd edək ki, zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması prosesində ümumi intellekt səviyyəsini yoxlayan test imtahanı və təlimlər mərhələsi ödənişlidir. “Əməkdar müəllim” fəxri adı alan müəllimlər sertifikatlaşdırma prosesinin bütün ödənişlərindən azaddırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR