“Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçiriləcək

“Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçiriləcək
# 16 sentyabr 2021 09:56 (UTC +04:00)

Yeni dərs ilində ölkəmizin ümumi təhsil müəssisələrində, eləcə də ali, orta ixtisas və digər təhsil ocaqlarında tədrisin ənənəvi şəkildə təşkili küçə və yollarda təhsilalanların, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması işində daha kəsərli tədbirlərin görülməsini tələb edir.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, bu məqsədlə sentyabrın 20-dən oktyabrın 20-dək ölkə ərazisində “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçiriləcək.

Tədbir çərçivəsində uşaq və yeniyetmələrin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində nəzarət-profilaktiki tədbirlərin gücləndirilməsi ilə yanaşı, onların hərəkət marşrutlarında, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yol şəraitinin müayinə olunması, müvafiq yol nişanlarının qoyulması, nişanlanma xətlərinin çəkilməsi və ya yenilənməsi, eləcə də ölkədə mövcud olan sanitar-epidemioloji vəziyyət nəzərə alınmaqla təhsil işçiləri, valideynlər və ictimai təsisatlarla birgə təhsilalanlar arasında maarifləndirilmə və təbliğat-təşviqat işinin daha da canlandırılması nəzərdə tutulur.

DİN-in BDYPİ yollarda uşaq travmatizminin minimuma endirilməsi istiqamətində hər kəsi ictimai iştirakçılığa və yol hərəkəti qaydalarına riayət etməkdə azyaşlılara şəxsi nümunə olmağa dəvət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR