Ermənistanın bir il əvvəl törətdiyi Bərdə terrorunun qurbanlarının xatirəsi anılıb - FOTO

Ermənistanın 1 il əvvəl Bərdəni atəşə tutması nəticəsində həlak olanların anım mərasimi

© APA | Ermənistanın 1 il əvvəl Bərdəni atəşə tutması nəticəsində həlak olanların anım mərasimi

# 28 oktyabr 2021 13:05 (UTC +04:00)

Ermənistanın ötən il oktyabrın 28-də Bərdəni növbəti dəfə atəşə tutması nəticəsində həlak olanların xatirəsi anılıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ermənistanın Vətən müharibəsinin gedişində Bərdəni növbəti dəfə atəşə tutmasının ildönümü günü terror qurbanlarının anım mərasimi keçirilib. Tədbir terror aktı baş verən ərazidə, Bərdə şəhəri, Bakı küçəsində qurulmuş xatirə lövhəsinin qarşısında təşkil olunub. Mərasimdə rayon rəsmiləri, Bərdə sakinləri ilə yanaşı ölkənin müxtəlif bölgələrindən gələn insanlar iştirak edib. Mərasimdə şəhidlərin, o cümlədən Bərdə terrorunun qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb. Abidə üzərinə gül dəstələri düzülüb.
Çıxış edənlər Bərdə terrorunu törədən düşmən bölmələrinin Müzəffər ordumuz tərəfindən dərhal məhv edildiyini, qanı tökülən hər bir vətəndaşımızın qisasının alındığını vurğulayıblar.
Həmçinin Azərbaycan dövlətinin 44 günlük Vətən müharibəsi zamanı apardığı uğurlu əməliyyatdan, ölkəmizin qazandığı şanlı zəfərdən söhbət açılıb.

Mərasimdə Sumqayıt Şəhər 1 nömrəli Uşaq gənclər inkişaf mərkəzinin rəssamlıq dərnəyi üzvlərinin Bərdə terrorunu özündə əks etdirən rəsm əsərləri sərgilənib.

Qeyd edək ki, Ermənistanın Vətən müharibəsinin gedişində Bərdəni növbəti dəfə atəşə tutmasından 1 il ötür.

2020-ci il oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri cəbhə xəttindən uzaqda yerləşən Bərdə şəhərinə beynəlxalq hüquqla qadağan olunmuş kasetli bombalardan istifadə etməklə zərbələr endirib.

Dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə zərbələr endirilməsi nəticədə 21 nəfər həlak olub, 70-ə yaxın şəxs yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Xatırladaq ki, bundan bir gün əvvəl - oktyabrın 27-si saat 16 radələrində isə təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonunun Qarayusifli kəndi ağır artilleriyadan atəşə tutulub. Nəticədə 5 dinc sakin həlak olub, 13 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR