İnkişaf etmiş ölkələrdə orta ömür uzunluğunda rekord azalma qeydə alınıb

İnkişaf etmiş ölkələrdə orta ömür uzunluğunda rekord azalma qeydə alınıb
# 27 sentyabr 2021 16:29 (UTC +04:00)

Yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən inkişaf etmiş 29 ölkədə ömür uzunluğu İkinci Dünya Müharibəsindən bəri rekord səviyyədə enib.

"APA-Economics"in "Financial Times"a istinadən verdiyi məlumata görə, bu barədə "International Journal of Epidemiology" elmi jurnalında deyilir.

Alimlər ABŞ, Böyük Britaniya, Çili və digər ölkələrdə orta ömür uzunluğunu araşdırıblar. Nəticələr onu göstərir ki, əksər ölkələrdə kişilərin ömür uzunluğu qadınlara nisbətən daha çox azalıb. Kişilər arasında ömür uzunluğunda 2019-cu ilə nisbətən ən böyük azalma ABŞ-da qeydə alınıb – 2,2 il. ABŞ-ın ardıca Litva yer alıb – 1,7 il.

ABŞ-da ömür uzunluğunun bu cür azalması əmək qabiliyyətli insanlar arasında ölüm nisbətinin əhəmiyyətli dərəcədə artması ilə əlaqələndirilə bilər. Eyni zamanda, Avropada buna 60 yaşdan yuxarı olan insanlar arasında ölüm hallarının artması təsir edib.

"İspaniya, Böyük Britaniya, İtaliya, Belçika kimi Qərbi Avropa ölkələri üçün sonuncu dəfə doğumda ömür uzunluğunun belə əhəmiyyətli dərəcədə azalması yalnız İkinci Dünya Müharibəsi illərində müşahidə edilib", - araşdırmanın müəlliflərindən biri Xose Manuel Aburto bildirib.

Qeyd edək ki, araşdırmaya görə, 8 ölkədə qadınlar və 11 ölkədə kişilər arasında ömür uzunluğu 1 ildən çox azalıb, ümumilikdə, 22 ölkədə bu göstərici 6 aydan çox azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR